Menyu

Gizli çəkilişə görə cərimə nə qədərdir? - MƏBLƏĞ

Operativ Media
Gizli çəkilişə görə cərimə nə qədərdir? - MƏBLƏĞ
1 dəq oxu

Şəxsin xəbəri və razılığı olmadan onu izləmək, gizli şəkildə səs yazmaq, foto və video çəkmək, eləcə də şəxsi və ailə həyatına aid məlumatları yaymaq hüquqi məsuliyyət yarada bilər.

Operativ Media xəbər verir ki, şəxsi həyatın toxunulmazlığını pozan şəxsləri 2 min manatadək cərimə, ictimai işlər, islah işləri, bəzi hallarda isə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qanunvericiliklə nəzərdə tutulmayan hallarda məlumatı gizli əldə etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.

Əməliyyat-axtarış tədbirləri istisna olmaqla, şəxsin xəbəri olmadan və ya onun etirazına baxmayaraq media nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və bu kimi hərəkətlərə məruz qoyulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Şəxsi və ailə həyatının sirri olan məlumatların, bu məlumatları əks etdirən sənədlərin, video və foto materiallarının, eləcə də səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi cinayət məsuliyyəti yaradır.

Belə əməllərə görə 1 000 manatdan 2 000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək islah işləri cəzası tətbiq edilə bilər.

Əgər şəxsi həyatın toxunulmazlığını pozan əməl vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və ya pilotsuz uçuş aparatından istifadə olunmaqla törədilərsə, daha ağır cəza nəzərdə tutulur. Bu halda şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə və ya edilməyə bilər. Həmçinin 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Beləliklə, şəxsi həyatın sirrinə aid məlumatları qanunsuz toplamaq və yaymaq, eləcə də gizli çəkiliş və səs yazısı aparmaq məsuliyyətə səbəb ola bilər. Xüsusilə xidməti vəzifədən və ya pilotsuz uçuş aparatlarından istifadə etməklə törədilən əməllərə görə daha ağır cəzalar nəzərdə tutulur.

Əlaqəli Xəbərlər