Siyasi şərhçi: Xarici təhdidlər qarşısında Azərbaycan xalqının birliyi sarsılmazdır
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən forumda Prezident İlham Əliyevin çıxışı bir çox istiqamətlərdən xüsusi olaraq vurğulanmalıdır. Dövlət başçısının azərbaycançılıq ideologiyası ilə bağlı səsləndirdiyi fikirlər, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanması və bu ideologiyaya gələcəyə yönəlmiş strategiya kimi yanaşması baxımından əhəmiyyətlidir.
Bu sözləri Operativ Media-ya siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, müasir Azərbaycan dövlətinin Cənubi Qafqazdakı rolu, beynəlxalq aləmdə qazandığı nüfuz və tutduğu mövqe, eləcə də dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanmalıdır. Cənubi Qafqazda dayanıqlı, uzunmüddətli və ədalətli sülhün əldə olunması istiqamətində atılan addımlar da dövlət başçısının çıxışında xüsusi yer tutub. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına tam bərpa etməsi ölkəmizin dünyada xüsusi nüfuza sahib olmasında mühüm rol oynayıb:
“Təbii ki, dövlət başçısının çıxışında bir sıra ünvanlara, beynəlxalq dairələrə və müəyyən dövlətlərə yönəlmiş mesajlar da var idi. Bu baxımdan Azərbaycanın ideoloji təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışında vurğuladığı məsələlərə toxunaraq bir daha bildirdi ki, Azərbaycana qarşı hərbi və fiziki təhdidlərlə yanaşı, ideoloji təhdidlər də mövcuddur. Bu təhdidlərin hər biri ölkəmiz üçün ciddi təhlükə yaradır.
Azərbaycana qarşı ideoloji müharibənin aparılması, zərərli xarici təsirlərin, qarayaxma kampaniyalarının və düşmənçilik mövqeyinin nümayiş etdirilməsi təəssüf doğurur. Prezidentin çıxışında bu məsələlərə xüsusi yer ayrıldı. Dövlət başçısı, xüsusilə Azərbaycanın daxili işlərinə qarışılmaması ilə bağlı müvafiq ünvanlara qətiyyətli mesajlarını çatdırdı.
Bu gün Azərbaycan milli və dövlətçilik maraqlarına əsaslanan tamamilə müstəqil xarici siyasət həyata keçirir. Buna görə də ölkəmizin uğurları gündən-günə artır. Bu uğurlar azərbaycançılıq ideologiyası və Azərbaycan xalqının vahid ideya ətrafında birləşməsi nəticəsində əldə olunub.
1991-ci ildə qazandığımız vətəndaş, xalq və ümummilli həmrəyliyi bu gün də davam edir. Azərbaycan cəmiyyətində birlik və həmrəylik sarsılmazdır. Azərbaycançılıq ideologiyasının mahiyyəti, prinsipləri və cəmiyyəti birləşdirən rolu xüsusi əhəmiyyət daşıyır. Milli ideologiya ətrafında sıx birləşmək Azərbaycan cəmiyyətinin həmrəyliyini gücləndirməklə yanaşı, dövlətimizi xarici risklərdən də qoruyur.
Dövlət başçısının da bildirdiyi kimi, bu gün ölkəmizdə daxili risklər, demək olar ki, mövcud deyil və təhdidlər əsasən xaricdə formalaşır. Bu risklər dövlətin daxili işlərinə qarışmaq və ölkəmizdə gedən proseslərə müdaxilə etmək cəhdləri ilə bağlıdır.
Lakin bu gün Azərbaycan dövlətinin qətiyyətli siyasəti və xalqın birliyi xarici təhdidlərin neytrallaşdırılmasında mühüm rol oynayır. Məhz bu birlik və müstəqil siyasət Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus mövqeyini daha da möhkəmləndirir”.