Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək
20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq.
Operativ Media xəbər verir ki, bu barədə Kəndə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Bayrağı Meydanı ərazisindəki avtomobil dayanacağında təşkil olunacaq bal yarmarkasında növbəlilik əsasında ilk olaraq qeydiyyatdan keçmiş, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2026-cı il sentyabr ayının 1-dək, ən azı 40 arı ailəsinə malik təsərrüfatlarını bəyan etmiş 274 arıçı fermer iştirak edəcək.
Arıçılıq məhsullarının qəbulu 4-15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerində götürüləcək və laborator müayinədən keçiriləcək. Qeyd edək ki, Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.
Yarmarkada iştirak ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara biləcək. Arıçılar satış yeri, zəruri ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.