Yuxarı sinif şagirdlərinin davamiyyəti niyə aşağıdır?

Son illərdə Azərbaycanda təhsil sistemi müəyyən dəyişikliklərə məruz qalsa da bəzi problemlər hələ də öz aktuallığını qorumaqdadır. Bu problemlərdən biri də yuxarı sinif şagirdlərinin məktəbə davamiyyətinin aşağı düşməsidir. Bu məsələ həm sosial, həm psixoloji, həm də təhsil baxımından ciddi nəticələrə səbəb ola bilər.
Yuxarı sinif şagirdlərinin məktəblərdəki davamiyyətinin aşağı düşməsinə səbəb nədir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Operativ Media-ya açıqlama verib.
O, bildirir ki, davamiyyətin aşağı olmasının səbəbləri müxtəlifdir:
“Azərbaycanda 9-11-ci sinif şagirdlərinin məktəbə davamiyyətinin aşağı düşməsi, xüsusilə abituriyentlərin əsas vaxtlarını hazırlıq kurslarına sərf edib dərsləri formal şəkildə məcburiyyətdən ziyarət etməsi artıq sistemli problem kimi qəbul edilməlidir. Statistika göstərir ki, ölkədə hər il 11-ci sinif məzunlarının ən azı 60-70%-i paralel şəkildə repetitor və ya kurs təhsilinə cəlb olunur. Xüsusilə Bakı və böyük şəhərlərdə son 3 ildə 10-11-ci sinif şagirdləri arasında davamiyyət səviyyəsi 60%-dən aşağı düşüb.
Bu problemin əsas səbəblərindən digəri məktəb proqramı ilə ali məktəbə qəbul imtahanlarının məzmun və format baxımından fərqli olması, dərslik və proqramların real ehtiyaca cavab verməməsidir. Hazırkı məktəb proqramı abituriyentlər üçün effektiv hazırlıq təmin etmir, şagird və valideynlər isə keyfiyyətli bilik üçün repetitor və kurslara üz tutmağa məcbur qalır. Digər tərəfdən məktəblərdə təlimin motivasiyaedici mexanizmlərinin zəifliyi, interaktiv və fərdi yanaşmanın olmaması, pedaqoji işçilərin əlavə stimullaşdırıcı alətlərinin olmaması da bu prosesə təsir edir. Müəllimlər və məktəb rəhbərliyi isə davamiyyətə yalnız rəsmi hesabat üçün yanaşır real nəticə və şagirdin inkişafı arxa planda qalır”.
Ekspert bu problemin aradan qaldırılmasında əsas amili məktəb təhsilinin məzmununu ali məktəbə qəbul imtahanları ilə uzlaşdırmaqda görür:
“Bu tendensiyanı dəyişmək üçün ilk növbədə məktəb təhsilinin məzmunu ali məktəbə qəbul imtahanları ilə uzlaşdırılmalı, dərsliklər və proqramlar müasir çağırışlara cavab verəcək şəkildə yenilənməlidir. Müasir tədris metodları, interaktiv dərslər, fərdi təhsil trayektoriyaları, real həyat bacarıqlarının inkişafı proqramlara daxil edilməlidir. Dərslər yalnız nəzəri bilik yox, praktik və analitik düşüncə, tənqidi təfəkkür, problem həll etmə bacarıqları üzərində qurulmalıdır. Məktəb daxilində abituriyentlər üçün əlavə təkmilləşdirici dərslər, sınaq imtahanları, peşə və karyera yönümlü konsultasiyalar, fərdi məsləhət proqramları təşkil edilməlidir. Psixoloji adaptasiya və motivasiyanın artırılması üçün məktəblərdə peşəkar psixoloq və mentorların fəaliyyəti gücləndirilməli, abituriyentlərin stress, imtahan təzyiqi və gələcək qayğıları ilə işləyən xüsusi dəstək proqramları tətbiq olunmalıdır. Valideyn-məktəb-şagird üçbucağında qarşılıqlı etimad və əməkdaşlıq üçün müntəzəm görüşlər, seminarlar və fərdi konsultasiyalar keçirilməlidir”.
Günay Nəcəfova