Menyu

Qurban bayramı: Paylaşmaqla ucalan dəyərlər günü

Nərmin Qocamanlı
Qurban bayramı: Paylaşmaqla ucalan dəyərlər günü

Qurban bayramı İslam dünyasının ən mühüm və müqəddəs bayramlarından biridir. Bu bayram yalnız heyvanların qurban verilməsi ilə deyil, eyni zamanda paylaşma, mərhəmət, yardımlaşma və Allaha yaxınlıq rəmzi kimi qeyd olunur. Azərbaycanda 6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunur.

Bu bayramı İslam dini üçün müqəddəs edən nədir?

Mövzu ilə bağlı dinşünas Elvüsal Məmmədov Operativ Media-ya açıqlama verib:

Şəkilin açıqlaması yoxdur.

"Qurban bayramı İslam dininin iki əsas bayramından biridir. Bu bayram özündə dini, mənəvi, sosial məsələləri ehtiva edir. Hər şeydən əvvəl qurban kəsmək Allaha itaəti simvolizə edir. Çünki İbrahim peyğəmbər Allahın əmrini yerinə yetirmək üçün oğlu İsmayılı qurban verməyə hazır olduğunu Qurani-Kərimdə də göstərildiyi kimi açıq şəkildə bildirmişdir. Yəni bu baxımdan qurban insanın Allah qarşısında qeyri-şərtsiz təslimiyyətini, Allaha itaət etdiyini ifadə edir. Bununla yanası Qurban bayramı Həcc ibadəti ilə əlaqəlidir. Çünki Hicri ayının 10-cu günündə müsəlmanlar Həccdə olarkən qurban kəsillər.

Azərbaycanda Qurban bayramının qeyd edilməsi İslam dininin qəbul olunmasından sonra başlanılıb. Təxminən 8-ci əsrdən etibarən. Dünyaya gəlincə isə konkret bir rəqəm yoxdur. İslamın ortaya çıxmasından müsəlmanlar bu bayramı qeyd etməyə başlayıblar. Hansı coğrafiyada, regionda İslam yayılırdısa, əhali İslamı qəbul etdiyi andan bu bayramı qeyd edirdilər".

Dinşünas qurban ətinin paylanması qaydasına da aydınlıq gətirib:

"Qurban kəsməklə insan özünün imanının nə qədər həssas olduğunu isbatlayır. Bu bayram təkcə fərdi fayda gətirmir. Fərdi faydaları olduğu kimi ictimai faydalarıda var. Biz qurban kəsdikdə ətin müəyyən hissəsini ehtiyyac sahiblərinə də verə bilirik. Bu baxımdan Qurban bayramı sosial köməkləşməni, həmrəyliyi, mərhəməti, birliyi ifadə edir. 

Ümumiyyətlə bu bayram İslam dininin həmrəyliyini ifadə edir. Biz bayram namazı qılırıq. Müsəlmanlar məsciddə toplaşırlar. Buda İslam ümmətinin birliyini, mənəvi vəhdətini göstərir. Ümumiyyətlə şəriətdə göstərilir ki, qurbanı kəsən şəxs ətin hamısını özündə saxlaya bildiyi kimi, tövsiyyə olunur ki, əti üç hissəyə bölsün və bir hissəsini özünə, digər hissəsini qohumlarına, nəhayət üçüncü hissəni isə yoxsullara paylasın".

Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində nə vaxtdan qeyd olunmağa başlayıb?

Qurban bayramı Azərbaycanda əsrlər boyu qeyd olunan dini və milli bayramlardan biridir. Lakin bu bayramın dövlət səviyyəsində rəsmi şəkildə qeyd olunması tarixi müxtəlif mərhələlərdən keçib.

1. 1920-ci il: Qurban bayramı ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Sovet Sosialist Respublikasında dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Bu dövrün baş naziri Nəriman Nərimanovun rəhbərliyi ilə Cümhuriyyətin bir çox digər bayramları ilə yanaşı, Qurban bayramı da dövlət bayramı kimi təsis edilmişdir.

2. 1925-ci il: Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının hökuməti Qurban bayramını rəsmi olaraq bayram olaraq saxlamış və bunun tarixi 2 iyul olaraq müəyyən edilmişdir. Bu qərar dini bayramların bəzi hissələrini mühafizə etməyə yönəlib, lakin dini inanca qarşı dövlətin artan təzyiqləri ilə əlaqədar olaraq bayramın qeyd olunma forması tədricən dəyişir.

3. 1929-1930-cu illər: Sovet hakimiyyəti dini ideologiyalara qarşı açıq şəkildə mübarizə aparırdı. Bu məqsədlə 1929-cu ildə "Allahsızlar Cəmiyyəti" yaradılır və dini bayramlar, o cümlədən Qurban bayramı, rəsmi olaraq qadağan olunur. Bu geniş miqyaslı bir sekulyarlaşma və ateizm siyasətinin tərkib hissəsi idi. Nəticədə Qurban bayramının qeyd olunması Sovet dövrü ərzində məhdudlaşdırılır.

4. 1992-ci il: Sovet İttifaqının dağılmasından sonra Azərbaycan müstəqil dövlət olaraq öz dini ənənələrini yenidən bərpa etməyə başladı. 1992-ci ildə Azərbaycan Respublikası hökuməti tərəfindən verilən fərmanla Qurban bayramı, yenidən dini bayram olaraq rəsmi şəkildə qeyd olunmağa başlandı. Həmin vaxtdan etibarən Qurban bayramı Azərbaycanda həm dini, həm də milli bir bayram olaraq geniş şəkildə qeyd edilir.

Qurban bayramı Azərbaycan dövlət səviyyəsində ilk dəfə 1920-ci ildə, sonra isə 1992-ci ildə yenidən dövlət bayramı olaraq təsdiq edilmişdir. 

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Qurban bayramının işğalan azad olunmuş ərazilərdə qeyd edilməsi xüsusilə fərəhli və iftixarvericidir:

"Qarabağdakı məscidlərin bərpası yalnız fiziki tikililərin yenidən qurulması deyil, həm də dini-mədəni kimliyimizin, milli mənəviyyatımızın dirçəlişidir. Bu məscidlər bir zamanlar dağıdılıb, təhqir olunmuşdu. İndi isə onların bərpası Azərbaycan xalqının öz torpağına sahib çıxmasının simvoludur. Siyasi-hüquqi baxımdan bu, ərazi bütövlüyümüz bərpa edilmiş ərazilərdə yurisdiksiyanın icrasını göstərir. Dini baxımdan isə sülh və birlik mesajını verən islam dininə xalqımızın verdiyi dəyəri təsdiqləyir.

Şuşada Aşağı Gövhər Ağa məscidi və Yuxarı Gövhərağa məscidi, Saatlı məscidi Heydər Əliyev Fondu tərəfindən əcnəbi mütəxəsisslərlə cəlb edilməklə bərpa edilmiş, Zəngilanda Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş Zəngilan məscidi tikilib istifadəyə verilmişdir.

Qurban bayramı xoş gəlir. İşğaldan, düşmən tapdağından azad edilmiş ərazilərimizdə Qurban bayramının qeyd edilməsi xüsusilə fərəhli və iftixarvericidir".


Milli Məclisin deputatı Tahir Rzayev Qurban bayramıyla bağlı fikirlərini Operativ Media ilə bölüşüb:

"Qurban bayramı İslam aləminin ən müqəddəs bayramlarından biri sayılır. Allaha ehtiramı, insana dəyəri və qayğını, kasıblara mərhəməti bilavasitə özündə ehtiva edir. Bu günlərdə qoyun, inək, dana, keçi, hətta dəvə belə kəsilir. Və kasıblara, ehtiyacı olanlara paylanılır. İnsanlar müəyyən paylarla digərlərini sevindirməyi özlərinə borc bilirlər. Azərbaycanda da bu bayram xüsusi təntənə ilə keçirilir. Sözsüz bu İslami dəyərlərə, milli-mənəvi dəyərlərə bir hörmət əlamətidir. Həmin gün qeyri-iş günü hesab olunur və Qurban bayramı  dövlət səviyyəsində qeyd edilir.

Bu günləri hər birimiz böyük sevinclə qarşılayırıq. Çünki insana qayğı, mərhəmət, hörmət Azərbaycan xalqının milli mentalitetidir və tarixən xalqımız humanistliyi ilə seçiliblər. İqtisadiyyatımızın sürətlə inkişaf etdiyi belə bir dövrdə, suvenirliyimizin təmin olunduğu dövrdə əlbəttə ki, xalqımız bayramını xüsusi sevinc və təmtəraqla qeyd edir. Bu hər birimizi sevindirir".

mediad%C4%B1in.jpg

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

Teqlər:

"Qurban bayram\u0131: Payla\u015fmaqla ucalan d\u0259y\u0259rl\u0259r g\u00fcn\u00fc"

Əlaqəli Xəbərlər