Gənclərdə qalxanabənzər vəzi problemlərinin artmasının səbəbi nədir?
Son illər gənclər arasında qalxanabənzər vəz xəstəlikləri, xüsusilə hipotireoz (tənbəl zob) halları daha çox müşahidə olunur. Bunun səbəbləri arasında nizamsız yuxu rejimi, sağlam olmayan qidalanma, hərəkətsiz həyat tərzi, eləcə də telefon, kompüter və televizor qarşısında uzun müddət vaxt keçirmək kimi amillər yer alır.
Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib.
O bildirib ki, bu xəstəliklərin qarşısının alınması üçün ilk növbədə həyat tərzinin dəyişdirilməsi vacibdir. Həkim olaraq bütün pasiyentlərə ilk tövsiyəmiz məhz budur. Sağlam həyatın əsas sütunları düzgün yuxu rejimi, balanslı qidalanma və müntəzəm fiziki aktivlikdir:
“Bundan əlavə, mən daha bir mühüm amili də qeyd edərdim ki, bu da psixi sağlamlıqdır. Xroniki stress, gərginlik və ruh düşkünlüyü orqanizmin hormonal balansına mənfi təsir göstərərək qalxanabənzər vəz xəstəliklərinin yaranmasına və ya mövcud xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Buna görə də həm fiziki, həm də psixoloji sağlamlığın qorunması tiroid xəstəliklərinin profilaktikasında mühüm rol oynayır”.