U-17 dünya çempionatı: Azərbaycanın daha 5 qadın güləşçisi mübarizəyə başlayır
Bakıda keçirilən yeniyetmələrin (u-17) dünya birinciliyi növbəti yarış günü ilə davam edir.
Operativ Media xəbər verir ki, çempionatın 4-cü günündə Azərbaycanın daha 5 qadın idmançısı xalça üzərinə çıxacaq.
53 kq çəkidə yer alan Fatimə Bayramova yarışa ilkin mərhələdən başlayaraq İsrail təmsilçisi Sela Rozovla qüvvəsini sınayacaq. Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) mübarizəyə 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə birbaşa 1/4 final görüşlərindən start verəcəklər.
Xatırladaq ki, yarışların əvvəlki günündə xalçaya çıxan 4 qadın güləşçimiz gözlənilən nəticəni göstərə bilməyərək mübarizəni medalsız başa vurublar.
Oğlanların yunan-Roma güləşi üzrə yarışlarında isə komandamız turniri 6 medalla tamamlayıb. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib çıxıblar.
Paytaxtımızda təşkil olunan bu idman yarışında 60-dan çox ölkəni təmsil edən 700-ə yaxın gənc idmançı birincilik uğrunda mübarizə aparır. Azərbaycan millisi çempionatda ümumilikdə 29 pəhləvanla təmsil olunur.