Mahmud Ağrıman: Azərbaycan-Türkiyə əməkdaşlığı "Bir millət, iki dövlət" prinsipi əsasında uğurla davam edir
TİKA-nın Bakı Proqram Koordinatoru Mahmud Ağrıman Bakı Türk Şəhidliyində açıqlama verib.
Operativ Media xəbər verir ki, Mahmud Ağrıman bildirib ki, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərin ilk səfər ünvanlarından biri Azərbaycan olur.
O qeyd edib ki, bunun əsas səbəbi 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanın işğaldan azad olunması uğrunda göstərdiyi qəhrəmanlıqdır.
Onun sözlərinə görə, TİKA sədri Abdullah Erenin rəhbərliyi ilə həyata keçirilən proqramlar çərçivəsində inkişaf elçiləri ilk olaraq Azərbaycana göndərilir ki, gənclər babalarının izini izləsin, Nuru Paşanın və Osmanlı əsgərlərinin qəhrəmanlığını yerində tanısınlar.
Mahmud Ağrıman qeyd edib ki, tələbələr Bakı, Gəncə, Şamaxı, Lənkəran və Quba daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrini gəzərək TİKA-nın həyata keçirdiyi layihələrlə tanış olublar. Səfər çərçivəsində səhiyyə sahəsində yaradılan dializ mərkəzləri, tibbi laboratoriyalar, təcili tibbi yardım layihələri, universitetlər arasında əməkdaşlıq proqramları yerində nümayiş etdirilib.
Koordinator bildirib ki, iştirakçılar eyni zamanda Türk Anadolu Liseyi, Atatürk Liseyi, Türkiyə Diyanət Vəqfi, TRT, Anadolu Agentliyi, Maarif Vəqfi və Yunus Əmrə İnstitutu kimi qurumları da ziyarət ediblər.
O əlavə edib ki, kənd təsərrüfatı sahəsində TİKA tərəfindən həyata keçirilən arıçılıq, istixana, tingçilik və meşəsalma layihələri də tələbələrə təqdim olunub və onlar bu fəaliyyətlərlə yaxından tanış olublar.
Mahmud Ağrıman vurğulayıb ki, proqramın sonunda gənclər Bakı Türk Şəhidliyini ziyarət edərək Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsini yad edib, Nuru Paşanın irsinə ehtiramlarını bildiriblər.
Çıxışının sonunda o, Azərbaycan dövlətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Ağrıman Azərbaycanın sürətlə inkişaf edən, təmiz və müasir ölkə olduğunu vurğulayaraq, enerji, təhsil və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının "Bir millət, iki dövlət" prinsipi əsasında uğurla davam etdiyini bildirib.