Elektrik avtomobillərinin sayı artır, bəs infrastruktur bu artıma hazırdırmı?
Elektrik avtomobillərinə marağın artması qlobal tendensiyanın tərkib hissəsidir. Bunun əsas səbəblərindən biri bu nəqliyyat vasitələrinin istismar baxımından daha qənaətcil olmasıdır. Yanacaq xərclərinin aşağı olması və texniki xidmətə daha az ehtiyac duyulması istehlakçıların elektrik avtomobillərinə marağını artıran əsas amillərdəndir.
Bu sözləri Operativ Media-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
O bildirib ki, digər mühüm amil isə qiymətlə bağlıdır. Son üç il ərzində elektrik avtomobillərinin idxalına tətbiq edilən güzəştlər bu avtomobillərin bazar qiymətinin əlçatan olmasına şərait yaradıb. Nəticədə, xüsusilə Çin istehsalı olan elektrik avtomobillərinin Azərbaycana idxalında əhəmiyyətli artım müşahidə olunub:
“Bununla yanaşı, elektrik avtomobillərinin sayının artması fonunda enerji doldurma infrastrukturunun inkişafı da davam etdirilir. Lakin etiraf etmək lazımdır ki, xüsusilə regionlarda bu infrastruktur hələ tam formalaşmayıb. Bir sıra rayonlarda elektrik avtomobillərinin sayının nisbətən az olması səbəbindən enerji doldurma stansiyalarının sayı da məhduddur. Bu isə elektrik avtomobili sahibləri üçün müəyyən texniki və praktiki çətinliklər yaradır.
Ona görə də elektrik avtomobillərinin istifadəsinin daha da genişlənməsi üçün regionlarda enerji doldurma şəbəkəsinin inkişaf etdirilməsi, müasir infrastrukturun qurulması və bu xidmətlərin əlçatanlığının artırılması vacibdir. Bu addımlar həm elektrik avtomobillərinin istifadəsini stimullaşdıracaq, həm də istifadəçilərin gündəlik istismar zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına töhfə verəcəkdir”.
