Dostluqdan müttəfiqliyə: Azərbaycan və Qırğızıstanın yeni strateji xətti - TƏHLİL
Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri çox uğurla başa çatdı və tərəflər strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. Strateji tərəfdaşlıq artıq strateji müttəfiqlikdir. Bu, ölkələrin demək olar ki, bütün məsələlər üzrə eyni mövqedən çıxış edəcəyini və bir-birinə dəstək verəcəyini təsdiqləyən rəsmi sənəddir.
Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, bir qayda olaraq, strateji müttəfiqlik uzun illər ərzində formalaşan münasibətlərin məntiqi nəticəsi olur. Azərbaycan və Qırğızıstan müstəqilliklərini bərpa etdikdən sonra bütün sahələrdə əməkdaşlıq qurublar. Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olub. Bu gün isə Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan hökumətinin maliyyə dəstəyi ilə orta məktəb inşa edilib:
“Azərbaycan da öz növbəsində Qırğızıstana hərtərəfli dəstək göstərir. Siyasi məsləhətləşmələr artıq ənənə halını alıb, mədəniyyət sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Bu yaxınlarda hər iki ölkədə qarşılıqlı mədəniyyət və incəsənət günləri keçirilib. Ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər, humanitar əlaqələr və Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq da bugünkü münasibətlərin əsas istiqamətlərindəndir.
İldən-ilə ticarət dövriyyəsi artır. Keçən il bu göstərici rekord həddə – 71 milyon ABŞ dollarına çatıb və onun daha da artırılması üçün geniş imkanlar mövcuddur.
Azərbaycan və Qırğızıstan prezidentləri həm mətbuata bəyanatlarında, həm də Dövlətlərarası Şuranın iclasında dostluq və əməkdaşlıq iradələrini bir daha bəyan etdilər. Hər iki dövlət başçısının qarşılıqlı şəkildə ali dövlət mükafatları ilə təltif olunması da dostluğun və qarşılıqlı etimadın ən yüksək ifadəsidir.
Bundan sonra da Azərbaycan və Qırğızıstan həmişə qardaş və dost ölkələr kimi birgə fəaliyyət göstərəcəklər”.
