NYP: İnfantino vəzifəsini itirməmək üçün Trampla əlaqə yaratmağa çalışıb
FIFA prezidenti Canni İnfantino tutduğu vəzifəni qoruyub saxlamaq məqsədilə ABŞ Prezidenti Donald Trampın administrasiyasından dəstək almağa çalışır.
Operativ Media xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Məlumata görə, FIFA rəhbərinin avqustun 3-də ABŞ-nin dövlət katibi Marko Rubio ilə danışığı planlaşdırılıb. Məlum qalmaqal fonunda İnfantino, həmçinin D.Trampın özü ilə də dəfələrlə telefon vasitəsilə əlaqə saxlamağa cəhd edib.
Nəşrin mənbələrindən biri bildirib ki, FIFA rəhbəri dövlət katibi ilə futbolun Amerikanın "yumşaq gücü" hissəsinə çevrilməsi imkanlarını müzakirə etmək istəsə də, əsas məqsəd onun işdən azad olunmasının qarşısını almaqdır.
Qeyd olunub ki, bundan əvvəl Canni İnfantino FIFA-nın əsas kişi və qadın turnirlərinin kommersiya, eləcə də media hüquqlarının ötürüləcəyi yeni bir şirkətin yaradılmasını təklif edib. Bu qurumdakı payın özəl investorlara satılması təşkilata 4,2 milyard dollar gəlir gətirə bilərdi. Lakin sözügedən təşəbbüs futbol təşkilatları tərəfindən kəskin tənqid olunduğu üçün FIFA layihənin reallaşdırılmasından imtina edib.