"Air India" təyyarəsi burulğana düşüb
"Air India" aviaşirkətinə məxsus Pxuket–Dehli marşrutu üzrə AI379 reysini yerinə yetirən sərnişin təyyarəsi uçuş zamanı güclü burulğan zonasına düşüb.
Operativ Media xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 3-ü körpə olmaqla 137 sərnişin və 8 ekipaj üzvü olub. Hadisə nəticəsində 17 nəfər, o cümlədən 4 ekipaj üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.
Buna baxmayaraq, təyyarə Dehli hava limanına təhlükəsiz eniş edib və sərnişinlərlə ekipaj üzvləri göyərtəni problemsiz tərk ediblər.
Aviaşirkət açıqlayıb ki, yüngül xəsarət alan bir neçə sərnişin və ekipaj üzvü müayinə məqsədilə tibb müəssisələrinə yerləşdirilib. Sonradan onlardan beş nəfərin xəstəxanadan buraxıldığı, digər yaralıların isə müalicəsinin davam etdiyi bildirilib.
Hindistanın Mülki Aviasiya Nazirliyi isə insidentlə bağlı Mülki Aviasiya Baş İdarəsinin (DGCA) araşdırmaya başladığını açıqlayıb.