UEFA avrokuboklarda sarı vərəqə limitini dəyişdi
UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində futbolçular və komanda rəsmilərinin cəzalanmasına səbəb olan sarı vərəqə limitini artırıb.
Operativ Media xəbər verir ki, yeni reqlementə əsasən, oyunçular və rəsmi şəxslər qırmızı vərəqə ilə nəticələnməyən dördüncü xəbərdarlıqdan sonra növbəti matçı buraxmalı olacaqlar. Bundan sonrakı diskvalifikasiyalar isə hər cüt sayda alınan xəbərdarlıqdan — altıncı, səkkizinci və növbəti sarı vərəqələrdən sonra tətbiq ediləcək.
Avrokubokların təsnifat mərhələlərində isə mövcud qaydalar öz qüvvəsində qalır. Seçmə oyunlarda cəzalandırma ilk üç, daha sonra isə hər növbəti tək sayda alınan sarı vərəqədən sonra gerçəkləşəcək.
Qurum bu addımı 2024/25 mövsümündən tətbiq edilən yeni turnir formatı ilə əlaqələndirib. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində oyun sayının altıdan səkkizə qaldırılması əvvəlki sistemin daha çox cəzaya gətirib çıxarmasına sabəb olub.
Yenilənmiş qaydalar matç sayı dəyişməyən və altı görüşdən ibarət olan Konfrans Liqasına da şamil ediləcək. UEFA bunu qış transfer pəncərəsində futbolçuların müxtəlif avrokuboklarda mübarizə aparan klublara keçid imkanları ilə əsaslandırıb.