Valdas Dambrauskas: "Orhus"la oyuna çox yaxşı hazırlaşmışıq
"Sabah" səfərdə öz gücündən istifadə edərək Danimarka təmsilçisi "Orhus"a qalib gəlməyə çalışacaq.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunundan əvvəl deyib.
Mütəxəssis güclü rəqibə qarşı çıxış edəcəklərini bildirib:
"Danimarkada olduğumuza görə çox şadıq. Hər məşqçinin arzusudur ki, ən azı Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxa bilsin. Sabahkı qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Rəqibimizi çox yaxşı təhlil etmişik. Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Rəqibin zəif və güclü tərəflərini bilirik. Çalışacağıq ki, biz öz gücümüzdən istifadə edək və səfərdə qələbə qazanaq. İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər".
O, qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb:
"Çempionlar Liqasındakı potensial rəqiblərimizi də artıq bilirik. Lakin onlar barədə indidən danışmağın mənası yoxdur. Hazırda bütün fikrimizi "Orhus"la matça yönəltmişik. Rəqibimizə hörmətlə yanaşırıq. Onlar son Danimarka çempionudurlar".
"Orhus" - "Sabah" matçı sabah Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.