"Qəbələ"nin baş məşqçisi: Yeni mövsümə heç 70 faiz də hazır ola bilmərik
"Qəbələ" futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze "Şamaxı" ilə keçirilən yoxlama matçından sonra komandanın ümumi vəziyyəti və qarşıdakı hədəfləri barədə açıqlama verib.
Operativ Media xəbər verir ki, mütəxəssis yeni mövsüm öncəsi kollektivin hazırlıq imkanlarının aşağı səviyyədə olduğunu bildirib:
“Hazırda yeni mövsümə heç 70 faiz də hazır ola bilmərik. Çünki bir çox futbolçular komandaya gec qoşuldular. Bir qədər vaxt lazımdır ki, funksional hazırlıqları yüksəlsin və komanda oyunu oturuşsun. Təəssüf ki, vaxtımız az qalıb, çempionat başlayır. Düşünürəm ki, formaya düşəcəyik. Bu gün də birinci hissə ilə ikinci arasında böyük fərq gördük. Hələ ki, transfer işlərini başa vurmamışıq. Bir çox komandalarda da vəziyyət eynidir”.
Transfer prosesinə toxunan baş məşqçi heyətin tam komplektləşdirilməsinin vacibliyini vurğulayıb:
“Bizdə yeni transferlərdən yalnız Mabea və Monzanqo hazırlığa başlayanda gəldi. Digər yeni futbolçularımız bizə gec qoşuldular. Ən vacibi heyəti tam komplektləşdirməliyik”.
Təcrübəli mütəxəssis komandanın qısa istirahətdən sonra növbəti matçın hazırlıqlarına başlayacağını diqqətə çatdırıb:
“Komanda üç günlük istirahətə buraxılacaq, daha sonra isə “Turan Tovuz”la oyunun hazırlığına başlayacağıq. “Turan Tovuz” çox güclü, möhkəm komandadır. Lakin çalışacağıq ki, uğurlu nəticə əldə edək”.