Menyu

Təhsil haqqını ödəyə bilməyən tələbələrin sayı artır: Təhsil krediti hər kəs üçün əlçatandırmı? - VİDEO

Operativ Media
Təhsil haqqını ödəyə bilməyən tələbələrin sayı artır: Təhsil krediti hər kəs üçün əlçatandırmı? - VİDEO

Təhsil almaq istəyən tələbə üçün ən böyük maneə bəzən imtahan deyil, təhsil haqqı olur. Dövlət bu problemin həlli istiqamətində 2021-ci ildən etibarən Təhsil Tələbə Krediti mexanizmini yaradıb. Lakin buna baxmayaraq, təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunan tələbələrin sayında artım müşahidə edilir.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, təkcə 2025-ci il ərzində təhsil haqqının ödənilməməsi və digər səbəblərdən 8 mindən çox tələbə ali təhsil müəssisələrindən xaric edilib. Bu göstərici son 4 ildə təxminən iki dəfə artım deməkdir.

Maraqlıdır, bəs təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr niyə təhsil kreditindən yararlanmırlar? Bunun üçün hansı şərtlər tələb olunur?

TTKF-nin Maliyyə və İqtisad şöbəsinin müdiri Məhəmmədəli Abdin bildirib ki, Təhsil Tələbə Krediti mexanizminə əsasən, ilk müraciət zamanı təhsil haqqının 20 faizi tələbə tərəfindən ödənilir, qalan məbləğ isə fond tərəfindən qarşılanır. Tələbənin növbəti semestrlərdə kreditdən yararlanması üçün isə müəyyən akademik tələblərə cavab verməsi şərtdir. Standart təhsil tələbə krediti üçün ümumi orta müvəffəqiyyət göstəricisinin 71 baldan yuxarı olması və son semestr üzrə akademik borcun olmaması tələb edilir.

Hazırda Təhsil Tələbə Kredit Fondundan 18 min 627 tələbə yararlanıb. Bununla belə, mexanizm bütün tələbələr üçün əlçatan və münasib çıxış yolu olmaya bilər.

Təhsil üzrə ekspert Əmrah Həsənli hesab edir ki, bunun bir neçə səbəbi var:

“Tələbə kredit üçün müraciət edəndə ya müəyyən şərtlər var ki, həmin şərtlərə uyğun gəlmirlər, ya ətraflı şəkildə məlumatlandırılmırlar, ya da maddi imkanı aşağı olan ailələr borc öhdəliyinə görə kredit götürmək istəmirlər. Bu da gənclərimizin gələcək imkanlarını müəyyən mənada məhdudlaşdırır”.

Ekspertin fikrincə, təhsil haqqını vaxtında ödəyə bilməyən tələbə dərhal universitetdən xaric olunmaq təhlükəsi ilə üzləşməməlidir. Bunun əvəzinə tələbələrə alternativ ödəniş imkanları təqdim edilməlidir.

“Universitetlər tələbələrə müəyyən alternativ həll yolları təqdim etməlidirlər. Müddət verilə bilər, hissəli ödəniş imkanları yaradıla bilər, sosial dəstək mexanizmlərindən istifadə oluna bilər. Düşünürəm ki, Təhsil Tələbə Krediti Fondu da bu statistikaları bir daha nəzərdən keçirməli və qoyulan tələbləri daha çevik etməlidir. Məsələn, 71 bal əvəzinə bu hədd 61 bal müəyyən edilə bilər”.

Ekspertin sözlərinə görə, tələbələrin təhsilini yarımçıq saxlamaması üçün təhsil kreditlərinin əhatə dairəsi genişləndirilməli, müraciət prosesi sadələşdirilməli və tələbələr mexanizm barədə daha geniş məlumatlandırılmalıdır.

Əsas məqsəd isə maddi çətinlik səbəbindən heç bir tələbənin ali təhsilini yarımçıq qoymamasını təmin etməkdir. Çünki təhsil haqqının müəyyən müddət ərzində ödənilməməsi təkcə tələbənin həmin semestri itirməsi ilə deyil, onun illərlə davam edən təhsilinin və gələcək karyera imkanlarının riskə atılması ilə nəticələnə bilər.

Qeyd edək ki, 2025-ci ildə təhsil haqqının ödənilməməsi, dərslərdə iştirak etməmək və digər səbəblərdən ümumilikdə 12 969 tələbə ali təhsil müəssisələrindən xaric olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər