UEFA hakimlik qaydalarını standartlaşdırmaq üçün yeni platforma istifadəyə verib
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) öz yarışlarında hakimlik fəaliyyətini vahid standartlara uyğunlaşdırmaq məqsədilə "Clear Line" adlı yeni platformanı istifadəyə verib.
Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Qeyd olunub ki, yeni sistem Video Köməkçi Hakim (VAR) sisteminin tətbiqi üçün Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası ilə (FİFA) müqayisədə daha sərt çərçivələr müəyyən edir.
Məlumata görə, UEFA-nın rəsmi saytında yerləşdirilən bu təlimat 150-dən çox hakimlik ssenarisini özündə birləşdirir. Platforma milli və Avropa miqyaslı turnirlərdə mürəkkəb, mübahisəli vəziyyətlərdə qaydaların necə şərh olunması, eləcə də VAR-ın hansı hallarda müdaxilə edib-etməməsi ilə bağlı ətraflı əyani izahlar təqdim edir. Bazanın yeni situasiyalar yarandıqca və ya əlavə aydınlığa ehtiyac duyulduqca yenilənəcəyi bildirilir.
UEFA-nın bu yanaşması FİFA-nın 2026-cı il dünya çempionatında tətbiq etdiyi və Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) müəyyənləşdirdiyi hüdudları aşan geniş VAR praktikasından fərqlənir. Əvvəllər qurum ildə təxminən dörd dəfə, əsasən videoçarxlar vasitəsilə referilər üçün brifinqlər keçirilməsi təcrübəsini də tətbiq edib.
UEFA-nın Hakimlik Departamentinin rəhbəri Roberto Rozetti bildirib ki, hazırlanmış rəhbərlik VAR-ın matçı idarə etmək üçün değil, yalnız aşkar və aydın səhvləri düzəltmək məqsədilə istifadə edilməli olduğunu bir daha təsdiqləyir.