Braziliyalı hücumçu "Real Madrid"də qalacaq
Madrid “Real”ının braziliyalı hücumçusu Endrik 2026/27 mövsümünü İspaniya klubunda keçirmək qərarına gəlib və başqa komandaya icarəyə verilməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı futbolçuya Avropanın bir neçə təmsilçisindən, o cümlədən İngiltərənin "Aston Villa" klubundan maraq olsa da, hücumçu əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir. Bu addım futbolçunun özü, Madrid təmsilçisinin rəhbərliyi və baş məşqçi Joze Mourinyo arasında əldə olunan birgə razılıq əsasında atılıb.
Baş məşqçi Joze Mourinyo Federiko Valverde və Bernardu Silvanı hücumun sağ cinahında nəzərdən keçirmədiyi üçün yeni mövsümdə braziliyalı oyunçunun məhz bu mövqedə daha çox şans qazanacağı gözlənilir. Bununla belə, "kral klubu" 2027-ci ilin yanvar ayında hücumçunun komandadakı statusunu yenidən qiymətləndirə bilər. Oxşar hal 2026-cı ilin əvvəlində də yaşanmış və nəticədə oyunçu mövsümün ikinci yarısını icarə əsasında Fransa "Lion"unda keçirmişdi.
Qeyd edək ki, Endrik 2024-cü ilin iyulunda 18 yaşı tamam olduqdan sonra "Palmeyras"dan "Real Madrid"ə transfer olunub. Bu keçid Madrid klubuna 35 milyon avroya başa gəlib, müqavilədə əlavə 25 milyon avro bonus nəzərdə tutulub. Oyunçu "paytaxt təmsilçisi"nin heyətində çıxış etdiyi 40 qarşılaşmada 7 qola imza atıb. "Lion"dakı icarə dövründə isə 21 matça çıxaraq 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu cari yayda Braziliya milli komandasının heyətində DÇ-2026-nın 1/8 finalına kimi irəliləyərək 4 matçda iştirak etsə də, məhsuldar göstəricilərlə fərqlənə bilməyib.