"Rusiya mediasının addımları beynəlxalq hüquq standartlarına ziddir" – Bəhruz Məhərrəmov
"Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılması və qarşı tərəfə qəti etirazın bildirilməsi beynəlxalq hüququn universal norma və prinsiplərinə, eləcə də dövlətlərarası diplomatik praktika və mövcud ikitərəfli müqavilə-hüquq bazasına tam uyğun olan suveren, legitim addımdır".
Operativ Media xəbər verir ki, bu sözləri deputat Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, son dövrlərdə Rusiya Federasiyasının informasiya məkanında, o cümlədən "Sputnik" radiosu, "Spas" telekanalı və müxtəlif media platformalarında Azərbaycan Respublikasının dövlət rəhbərliyinə, xalqına və suverenliyinə qarşı səsləndirilən təxribatçı, təhqiramiz və fiziki zorakılığa çağırış xarakterli ifadələr beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır:
"Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi, eləcə də BMT Baş Assambleyasının 1970-ci il 2625 saylı "Dövlətlərarası dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüquq prinsipləri haqqında" Bəyannaməsi hər bir dövlətin daxili işlərinə birbaşa və ya dolayısı ilə müdaxilə olunmamasını, başqa dövlətin konstitusiya quruluşuna və siyasi proseslərinə qəsd edilməməsini imperativ norma kimi təsbit edir. Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının Rusiya mediasında müzakirəyə çıxarılması isə bu prinsipin aşkar tapdanmasıdır. Bununla yanaşı, Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktın 20-ci maddəsinin 2-ci bəndinə əsasən, nifrət, düşmənçilik və ya zorakılığın qızışdırılmasına yönəlmiş istənilən təşviqat qanunla qadağan edilməlidir. Bu mənada, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı fiziki zorakılıq çağırışlarının effektiv tənzimləmə mexanizmləri ilə qarşısının alınmaması beynəlxalq humanitar hüquq standartlarına ziddir.
İkitərəfli müstəvidə isə bu cür ritorika 22 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Müttəfiqlik Qarşılıqlı Əlaqələri haqqında Bəyannamə"nin 1-ci və 11-ci maddələrindən irəli gələn öhdəliklərə birbaşa ziddiyyət təşkil edir. Həmin sənədə əsasən, tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməli, informasiya məkanında dostluq münasibətlərinə xələl gətirən təxribatların qarşısını almalıdırlar. Beynəlxalq Hüquq Komissiyasının 2001-ci il "Dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti haqqında Maddələr"inin 8-ci maddəsinə uyğun olaraq, dövlətin yurisdiksiyası və nəzarəti altında fəaliyyət göstərən media resurslarının hüquqazidd əməllərinə görə cavabdehlik birbaşa həmin dövlətin üzərinə düşür. Bu baxımdan, Rusiya tərəfinin daxili qanunvericiliyi çərçivəsində milli və dövlət əleyhinə çağırışlar edən şəxslər barəsində adekvat hüquqi tədbirlər görməsi və analoji halların təkrarlanmaması üçün effektiv preventiv addımlar atması beynəlxalq-hüquqi zərurətdir. Hər kəs bilir və bilməlidir ki, Azərbaycan dövləti öz suverenliyini, dövlət rəhbərliyinin nüfuzunu və xalqının şərəf və ləyaqətini beynəlxalq hüququn bütün diplomatik-hüquqi mexanizmləri ilə qətiyyətlə qorumaq əzmindədir".
dəqiqələr içində saytın olsun.