Gənc ailələr üçün mənzil almaq asanlaşacaq? - Yeni təklif
Gənc ailələrin mənzil təminatı prioritet məsələlərdən biridir. Hazırda gənc ailələrin mənzil əldə etməsi üçün bir sıra imkanlar mövcuddur. Bunlara güzəştli ipoteka kreditləri, sosial mənzillər, adi ipoteka kreditləri və kirayə mənzil mexanizmləri daxildir.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, 2025-ci ildə gənc ailələrə təxminən 95 milyon manat məbləğində güzəştli ipoteka krediti verilib. Güzəştli ipoteka kreditlərinin illik faiz dərəcəsinin 4 faiz olması və ilkin ödənişin daha aşağı müəyyənləşdirilməsi bu mexanizmi gənc ailələr üçün daha əlverişli edir:
“Bununla belə, bütün gənc ailələr güzəştli ipoteka kreditindən yararlana bilmir. Bunun əsas səbəbi onların mövcud güzəştli kateqoriyalara daxil olmamasıdır. Bu baxımdan əsas təkliflərimizdən biri güzəştli ipoteka krediti almaq hüququ olan vətəndaşların dairəsinin genişləndirilməsidir. Daha çox gənc ailənin 4 faizlik ipoteka kreditindən yararlanması məqsədəuyğun olardı.
Digər təklifimiz isə güzəştli ipoteka krediti üzrə maksimal məbləğin artırılmasıdır. Hazırda bu məbləğ 100 min manat təşkil edir. Son illərdə mənzil bazarında qiymət artımlarının müşahidə olunması fonunda bu limitin 150 min manata çatdırılması təklif edilir.
Hesab edirik ki, həm güzəştli ipotekadan yararlana biləcək gənc ailələrin dairəsinin genişləndirilməsi, həm də kredit üzrə maksimal məbləğin artırılması gənclərin mənzil probleminin həllinə daha ciddi dəstək verə bilər”.
dəqiqələr içində saytın olsun.
