Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb
Xocavənd rayonu Böyük Tağlar kəndi ərazisində yerləşən Tağlar mağarasında 25 iyul 2026-cı ildən etibarən Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü mövsüm tədqiqatları uğurla davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Arxeologiya və Antropologiya İnstitutu məlumat verib.
Tədqiqatların əsas hissələrindən birini, laboratoriya təhlilləri təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, mağaradan əldə olunmuş dəvəgözü (obsidian) nümunələrinin mənşəyinin müəyyənləşdirilməsi istiqamətində laborator və kameral işlər aparılır. Bu tədqiqatlar mağarada aşkar edilmiş dəvəgözündən hazırlanmış daş alətlərin xammal mənbələrinin coğrafi və geoloji mənşəyini müəyyənləşdirməyə, həmçinin həmin materialların texnoloji seçimi və istifadəsi barədə daha dolğun təsəvvür formalaşdırmağa imkan verəcək. Bu məqsədlə Tokio Universitetindən xüsusi mobil texniki qurğu gətirilmişdir.
Məlum olduğu kimi, ölkəmizdə əsas dəvəgözü yataqları Kəlbəcər rayonunda yerləşir. Bu nümunələri əldə etmək və mövcud bazalara daxil etmək məqsədilə 1–2 avqust 2026-cı il tarixlərində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent aparıcı elmi işçi Azad Zeynalov, ekspedisiya üzvü, aparıcı elmi işçi, t.ü.f.d., dosent Yaqub Məmmədov və Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının üzvü Faiq Nəsibov Kəlbəcər rayonuna səfər etmişlər.
Yaponiya alimləri qrupunun rəhbəri, Tokio Universiteti Muzeyinin direktoru (The University Museum, The University of Tokyo/UMUT) və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihiro Nişiaki (Yoshihiro Nishiaki) də səfərdə iştirak etmişdir. Tədqiqat çərçivəsində Kəlbəcər rayonu ərazisində yerləşən Keçəldağdan və ətraf ərazilərdən nümunələr əldə olunmuşdur.
Götürülmüş nümunələrin bir qismi tədqiqatlara cəlb olunmaqla yanaşı, müəyyən hissəsi əsaslı araşdırmalar üçün Tokio Universitetinə, ABŞ ın Kolumbiya şəhərində yerləşən Missuri Universitetinin nəzdində fəaliyyət göstərən MURR (Missuri Universiteti Tədqiqat Reaktoru) laboratoriyasına göndəriləcək, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna və Nazirliyin tabeliyində fəaliyyət göstərən Təbiət Tarixi Muzeyinə təqdim olunacaq.
Bu addım, Tağlar mağarasında əldə olunmuş nümunələrin mənşəyinin müəyyən olunması ilə bərabər, digər abidələrdən əldə olunmuş dəvəgözü nümunələrinin tədqiqinə də töhfə verəcək.
Qeyd edək ki, Tağlar mağarasının tədqiqində iştirak edən yapon elmi heyətində Milli Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutunun professoru Toru Tamura, Aoyama-Gakuin Universitetinin doktoru Hiroto Nakata, Tsukuba Universitetinin dosenti, doktor Saici Arai (Saiji Arai), Çiba Texnologiya İnstitutunun tədqiqatçı köməkçiləri — doktor Vang Yung (Wang Yung), Miho Takehana və Şoqo Kume (Shogo Kume) kimi mütəxəssislər təmsil olunublar.
dəqiqələr içində saytın olsun.