Maldiv adaları gələcək nəsillərə daimi siqaret qadağası tətbiq edib

Maldivlər hökuməti bu gündən etibarən Tütünə Nəzarət Qanununa edilən və tütün istifadəsinə nəsillər boyu qadağa qoyan dəyişiklikləri rəsmən qüvvəyə mindirib.
Operativ Media xəbər verir ki, Maldivlər Səhiyyə Nazirliyinin məlumatına görə, 1 yanvar 2007-ci ildən sonra doğulan şəxslərə tətbiq ediləcək siqaret qadağasının icrasına başlanılıb.
Bununla da Maldivlər tütün istifadəsinə nəsillərarası qadağa tətbiq edən dünyada yeganə ölkə olub.
Nazirlik bildirib ki, bu addım “ictimai sağlamlığın qorunmasına və tütünsüz bir nəslin formalaşmasına xidmət edəcək”.
Yeni qanuna əsasən, 1 yanvar 2007 və sonrasında doğulan şəxslərin ölkədə tütün məhsulları alması və istifadə etməsi tam qadağan olunur. Pərakəndə satıcılar üçün satışdan əvvəl yaşın yoxlanması məcburi edilib.
Qadağa lüks turizmi ilə tanınan Maldivlərə gələn xarici turistlərə də şamil edilir. Qanunla həmçinin elektron siqaret və buxarlı cihazların satışı və istifadəsi yaş məhdudiyyəti olmadan qadağan olunub.
Yetkinlik yaşına çatmayanlara tütün məhsulu satanlar üçün cərimə 50 min rufiya (təxminən 3 200 dollar), elektron siqaretdən istifadə edənlər üçün isə 5 min rufiya (təxminən 320 dollar) müəyyən edilib.