Corriere della Sera: Belçika, İtaliya və Fransa aktivlərin Rusiyaya verilməsinə qarşıdırlar

Belçikadan sonra İtaliya və Fransa da dondurulmuş Rusiya aktivlərinin “təzminat krediti” çərçivəsində Ukraynaya verilməsinə qarşı çıxıblar.
Operativ Media xəbər verir ki, bu haqda "Corriere della Sera" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Paris və Roma hökumətləri Rusiya aktivlərinin istifadəsinin qanunsuz hesab ediləcəyi təqdirdə, özlərinin maliyyə məsuliyyəti daşımalı olacaqlarından narahatdırlar.
Oktyabrın 23-də Brüsseldə keçirilən Aİ sammitində iştirakçılar Rusiya aktivlərindən istifadə məsələsində razılığa gələ bilməyiblər. Belçikanın baş naziri Bart De Vever bildirib ki, Rusiyanın suveren aktivlərində 210 milyard avro məbləğində vəsait dondurulub və Avropa Komissiyası bu aktivlərə həbs qoymağı planlaşdırır. O, bütün Aİ ölkələrindən Belçikanın üzləşdiyi maliyyə risklərini tam şəkildə bölüşməyi tələb edib.
De Vever xəbərdarlıq edib ki, Rusiya öz ərazisində və dost ölkələrin yurisdiksiyalarında Qərb aktivlərini ələ keçirməklə cavab tədbirləri görə bilər. Bu halda Moskva “qalib” kimi çıxış edəcək, təsirlənən Qərb investorları isə təzminat üçün Belçika hökumətinə müraciət edəcəklər. O, həmçinin müttəfiq ölkələrdən Rusiyanın aktivlərə çıxışının bərpa olunacağı təqdirdə dərhal kompensasiya veriləcəyinə dair təminat tələb edib.