Türkiyə Qəzzaya beynəlxalq qüvvələrə xilasedicilər göndərə bilər

Türkiyə Qəzza zolağındakı sabitləşdirmə qüvvələrinə hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndis bölmələri göndərə bilər.
Operativ Media "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, bu qüvvələrdə ölkənin iştirakı məsələsinə həftənin sonunadək aydınlıq gətiriləcək.
Mənbənin məlumatına əsasən, bölgədə təhlükəsizliyi təmin etmək üçün Qəzzaya türk hərbçilərinin göndərilməsindən də söhbət gedə bilər. Lakin çox güman ki, bu vəzifəni Misir, Pakistan və Azərbaycan kontingentləri yerinə yetirəcək.
"TRT Haber" daha əvvəl Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər vermişdi ki, respublikanın hərbi rəhbərliyi Qəzza zolağında atəşkəs rejiminə nəzarət etmək məqsədilə xüsusi qrupun yaradılması ilə bağlı xarici tərəfdaşlarla danışıqları davam etdirir.
Bundan əlavə, ABŞ-nin Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması barədə bir neçə ölkə ilə qapalı danışıqlar apardığı və yaxın həftələrdə plan təqdim etməyi planlaşdırdığı bildirilir. "Axios"un məlumatına görə, həmin qüvvələrin tərkibinə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən nümayəndələr, eləcə də Fələstin polis bölmələri daxil olacaq. Layihəyə əsasən, qüvvələr anklavın Misir və İsraillə sərhədində yerləşdiriləcək.
Sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı “hərtərəfli planını” açıqlayıb. 20 bənddən ibarət sənəd, digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqini və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da münaqişə tərəfləri Trampın sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Oktyabrın 10-da isə Qəzzada atəşkəs razılaşması qüvvəyə minib.