Valensiya meri bir ildən sonra sel qurbanlarına görə istefa verib

İspaniyanın Valensiya muxtar icmasının hökumət başçısı Karlos Meyson istefa verdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, onun bəyanatı bölgəni vuran dağıdıcı daşqınların ildönümünə təsadüf edib.
“Ən böyük faciəmizin birinci ildönümündən sonra mən keçmişə daha şəxsi nəzərlə baxmaq qərarına gəldim”, – deyə "El País" nəşri ondan sitat gətirib. “Artıq öz səhvlərimi etiraf etməyin vaxtıdır.”
“Mən bunu daha davam etdirə bilmirəm,” – Meyson bildirib. – “Bəlkə də mənim istefam bu faciənin layiq olduğu diqqəti cəlb edəcək.”
2024-cü il oktyabrın 29-da güclü yağışlar İspaniyanın cənub və şərq bölgələrində daşqınlara səbəb olub. Təxminən 230 nəfərin həyatına son qoyan fırtınadan ən çox Valensiya muxtar icması zərər çəkib.
Hadisədən sonra həm İspaniya hökuməti, həm də Valensiya rəhbərliyi sərt tənqidlərə məruz qalıb. Şikayətlər arasında əhalinin gözlənilən fırtına barədə vaxtında xəbərdar edilməməsi və yardımın Valensiyaya gec çatdırılması məsələləri də yer alıb.