Vuçiç Avropa İttifaqına sursat satmağa hazır olduğunu açıqlayıb

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin sursat satışı ilə bağlı təkliflə Avropa İttifaqına (Aİ) müraciət etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bunu Almaniyanın "Cicero" jurnalına verdiyi müsahibəsində bildirib.
“Biz Fransadan daha çox döyüş sursatı istehsal edirik. Mən münaqişə tərəflərini daim sursatla təmin edən biri kimi görünmək istəmirəm, lakin Avropanın buna ehtiyacı var,” – Serbiya prezidenti qeyd edib.
“Bu səbəbdən Aİ-dəki dostlarımıza təklif etdim ki, bizimlə satış müqaviləsi bağlasınlar və bizdə olan hər şeyi alsınlar.”
Vuçiçin sözlərinə görə, bu addım Belqrad tərəfindən Avropanın təhlükəsizliyinə “mükəmməl bir töhfə” olacaq.
Prezident əlavə edib ki, “alıcılar aldıqları sursatdan istədikləri kimi istifadə edə bilərlər.”
“Bizə yalnız uzunmüddətli müqavilə lazımdır ki, istehsal prosesini planlaşdıra bilək,” – deyə o vurğulayıb.
Vuçiç həmçinin bəyan edib ki, Serbiya “Avropa orduları ilə əməkdaşlığa” və “Avropa qüvvələri ilə qarşılıqlı fəaliyyətini gücləndirməyə” hazırdır.
Aİ-nin onun döyüş sursatı ilə bağlı təklifinə cavab verib-verməməsi barədə suala cavabında Vuçiç bildirib: “Mən hələ də yekun cavabı gözləyirəm.”