Tramp: Rusiya, Çin və ABŞ nüvə silahlarının azaldılması ilə bağlı razılığa gələ bilər

ABŞ Prezidenti Donald Tramp əmindir ki, Rusiya, Çin və ABŞ nüvə silahlarının azaldılması ilə bağlı razılığa gələ biləcək.
Operativ Media xəbər verir ki, o, noyabrın 6-da Ağ Evdə Mərkəzi Asiya respublikalarının liderləri ilə görüşdə Moskva, Pekin və Vaşinqton arasında nüvə silahlarının mümkün azaldılması məsələsinə toxunaraq deyib:
“Düşünürəm ki, belə bir şey baş verə bilər – nüvəsizləşdirmə”.
“Düşünürəm ki, nüvəsizləşdirmə böyük bir iş olardı. Mən bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışmışam. Həmçinin Çin sədri Si Cinpinlə də müzakirə etmişəm. Hər kəs bu qədər vəsaiti başqa istiqamətlərə – əslində insanlara fayda verən sahələrə xərcləmək istərdi”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp əlavə edib ki, Çin rəhbəri ilə Koreya Respublikasında keçirilən APEC sammiti çərçivəsində “çox yaxşı görüş” baş tutub.
“Mənim doktrinam nüvəsizləşdirmə olacaq. Çünki bizim kifayət qədər nüvə silahımız var”, – Tramp vurğulayıb.
ABŞ lideri ölkəsini ən çox nüvə başlığına malik dövlət kimi təsvir edib, baxmayaraq ki, amerikalı ekspertlərin fikrincə, bu siyahıya Rusiya başçılıq edir.
“Çin isə üçüncü yerdədir və hələ xeyli geridə qalır. Lakin onların dörd-beş ildən sonra ABŞ-ni bu göstəriciyə görə tutacağı ehtimal olunur. Çin nüvə silahı üzərində artıq iş rejimində çalışır”, – Tramp qeyd edib.
“Mən sülh istəyirəm. Mən güc vasitəsilə sülh istəyirəm. Amma biz bütün dünyada sülhün bərqərar olmasını arzulayırıq. Və buna nail olmağa yaxınıq”, – ABŞ Prezidenti əlavə edib.