ABŞ bir il müddətinə Çinlə bağlı ticarət araşdırmasını dayandırıb

Vaşinqton administrasiyası Çinlə bağlı gəmiqayırma və dəniz daşımaları sahəsində aparılan ticarət araşdırmasını bir il müddətinə dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə noyabrın 9-da dərc olunan ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsinin aparatının bəyanatında bildirilir.
Sənəddə qeyd olunur ki, araşdırma çərçivəsində bütün prosedurlar 10 noyabr gecə yarısından etibarən dayandırılır. 2024-cü ilin aprelində başladılan bu araşdırma Çinin gəmiqayırma, dəniz daşımaları və logistika sahəsində guya “ədalətsiz praktikalardan” istifadə etməsi barədə iddialarla bağlı idi. ABŞ hakimiyyəti Çin tərəfinin bu sahələrdə “dominant mövqe” əldə etməyə çalışdığını iddia edirdi.
Bəyanata əsasən, araşdırmanın dayandırılması ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əldə olunmuş və 1 noyabr 2025-ci ildə Ağ Ev tərəfindən elan edilən “tarixi əhəmiyyətli” ticarət-iqtisadi razılaşmalardan sonra mümkün olub. ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəliyi bildirib ki, amerikalı rəsmilər araşdırma zamanı qaldırılan məsələləri Çin hökuməti ilə müzakirə edəcəklər.
“Səylərimiz çərçivəsində ABŞ ölkə daxilində işləri davam etdirəcək və əsas müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələri sürdürərək Amerika gəmiqayırma sənayesinin yenidən dirçəlməsinə çalışacaq”, – deyə bəyanatda vurğulanır.