ABŞ BMT-nin Ukrayna ilə bağlı Rusiya əleyhinə qəbul etdiyi qətnaməni dəyişmək istəyir

Birləşmiş Ştatlar BMT Baş Assambleyasının Ukrayna ilə bağlı Rusiya əleyhinə qəbul etdiyi qətnamənin mətnində dəyişiklik edilməsini tələb edir.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” nəşri iki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası sənədə yenidən baxılmasında və “ərazi bütövlüyü” ilə “təcavüz” ifadələrinin çıxarılmasında israrlıdır.
Nəşr qeyd edir ki, bu məsələdə ABŞ-nin mövqeyi Qərb dövlətləri arasında açıq narahatlıq və qorxu yaradıb. “Bu, Vaşinqtonun kritik diplomatik məqamda Ukraynanın əsas maraqlarından yayınmasının daha bir nümunəsidir”, – deyə “Kyiv Post” bir avropalı diplomatdan sitat gətirir. Yaxın həftələrdə qətnamə üzrə səsvermənin keçirilməsi gözlənilir.
Birləşmiş Ştatlar əvvəllər də oxşar dəyişikliklərin edilməsini müdafiə edib. Məsələn, fevralın 24-də BMT Baş Assambleyası Ukrayna böhranı ilə bağlı iki qətnaməyə səs verib. Bunlardan biri Kiyev hakimiyyəti tərəfindən bir neçə Avropa ölkəsi ilə birgə hazırlanıb və anti-Rusiya tonunda yazılıb. ABŞ-ın təklif etdiyi ikinci qətnamə isə daha neytral üslubda tərtib olunub.
Hər iki sənəd Baş Assambleya tərəfindən qəbul edilib, lakin Avropa ölkələri Amerika qətnaməsinə anti-Rusiya ifadələrinin daxil edilməsinə səs verib. Dəyişikliklərdən sonra ABŞ həmin qətnamə üzrə səsvermədə bitərəf mövqe tutub.