Yamaykada "Melissa" qasırğası nəticəsində ölənlərin sayı 45-ə çatıb

Oktyabr ayının sonundan etibarən Yamaykada təsirini göstərən “Melissa” qasırğası ilə bağlı ölənlərin sayı açıqlanıb.
Operativ Media xəbər verir ki, bu haqda Yamayka Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin rəsmiləri məlumat yayıb.
Rəsmilərin məlumatına görə, qasırğa nəticəsində həyatını itirənlərin sayı 45-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş sayılır.
Oktyabrın 28-də ölkənin cənub-qərb hissəsini vuran qasırğa səbəbindən hələ də əlaqə saxlamaq mümkün olmayan bölgələrə helikopterlərlə ərzaq yardımı göndərildiyi bildirilib. Rəsmilər əlavə ediblər ki, ölənlərin sayının daha da artacağı ehtimal olunur.
Məlumata görə, qasırğa nəticəsində 1100 nəfər hələ də sığınacaqlarda qalır.
Şiddətinə görə ən təhlükəli “5-ci kateqoriya” səviyyəsinə yüksəldiyi qeyd edilən “Melissa” qasırğası Haiti, Yamayka və Kubada da təsirini göstərib.
Yamayka Baş naziri Endryu Holness fəlakət nəticəsində 30-dan çox insanın həyatını itirdiyini və ziyanın 6 milyard dollardan çox olduğunu bəyan edib.