İlham Əliyev Mərkəzi Asiya liderlərinin VII Məşvərət görüşündə iştirak edəcək

Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşündə çoxtərəfli sənədlər paketi imzalanacaq.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İclas noyabrın 15-16-da Özbəkistanın paytaxtında prezident Şavkat Mirziyoyevin sədrliyi ilə baş tutacaq.
Prezident Administrasiyasından verilən məlumata görə, sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdıməhəmmədov iştirak edəcəklər.
Tədbirdə BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaha İmnadzenin də iştirakı nəzərdə tutulub.
İclasın gündəliyində regional əməkdaşlığın daha da genişləndirilməsi, prioritet sektorlarda birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi, habelə cari regional və beynəlxalq siyasi məsələlər üzrə perspektivlərin mübadiləsi ilə bağlı əsas məsələlər müzakirə olunacaq.
Region liderləri arasında mütəmadi məşvərət görüşlərinin keçirilməsi təklifi ilk dəfə 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Prezident Mirziyoyev tərəfindən irəli sürülüb. Özbəkistanın sədrliyi ilə bu təşəbbüs əməkdaşlığın müxtəlif sahələrinə yönəlmiş 20-dən çox əlamətdar tədbirin keçirilməsinə şərait yaradıb.