Belarus avropalı qonşularını əvvəlki sərhəd rejimini bərpa etməyə çağırıb

Belarus qonşu Avropa İttifaqı ölkələrini sadə vətəndaşların maraqları və sərhədyanı əməkdaşlığın inkişafı naminə əvvəlki sərhəd rejimini bərpa etməyə çağırır.
Operativ Media xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl baş nazir Oleksandr Turçin və Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin rəhbərliyi ilə Aİ ölkələri ilə sərhəddəki vəziyyətə dair iclas keçirilib. Görüşdə Xarici İşlər Nazirliyinin, Dövlət Sərhəd Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərləri iştirak ediblər.
“İclas iştirakçıları sərhəddəki mövcud vəziyyəti və inkişaf perspektivlərini ətraflı müzakirə edərək qeyd ediblər ki, hazırkı durum nə Belarusun, nə də Avropa İttifaqının maraqlarına uyğundur. Belarus ardıcıl olaraq Avropa qonşularını sadə vətəndaşların maraqları və sərhədyanı əməkdaşlığın inkişafı naminə əvvəlki sərhəd rejimini bərpa etməyə çağırır”, – məlumatda vurğulanır.
Bu fonda Minsk Polşa hakimiyyətinin Belarus–Polşa sərhədində əvvəllər bağlanmış iki sərhəd-keçid məntəqəsini insanların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün yenidən açmaq qərarını alqışlayıb. Bu addımın ilk növbədə transsərhəd ticarətə müsbət təsir göstərəcəyi bildirilir. “Bu qərar Polşanın, hər şeydən əvvəl, öz vətəndaşlarının maraqlarına yönəlmiş konstruktiv yanaşmasının təzahürüdür. Əminik ki, bu addım ikitərəfli əməkdaşlığımızın inkişafı istiqamətində atılmış ilk addımdır. Təcrübə göstərir ki, insanlar arasında əlaqələrin genişlənməsi, hətta bəzən əvvəlkindən daha geniş siyasi əməkdaşlığa gətirib çıxarır”, – XİN qeyd edib.
Belarus tərəfi, həmçinin öz vətəndaşlarının maraqlarına məhəl qoymayan Litva hakimiyyətinin analoji yanaşma sərgiləməməsindən təəssüfləndiyini bildirib. Qaçaqmalçılıqla mübarizə səbəbilə Vilnüs oktyabrın 29-da Litva–Belarus sərhədinin noyabrın sonunadək bağlanması barədə qərar qəbul etmişdi.