KİV: ABŞ Latın Amerikası ölkələrində hərbi mövcudluğunu gücləndirmək niyyətindədir

ABŞ Venesuela sahillərində narkotik kartellərinə qarşı əməliyyatların fonunda Latın Amerikası ölkələrində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ Ekvadorda aviabaza yaratmağı, Panamadakı qoşunlarının rotasiyasını artırmağı və həmin ölkənin hərbi hava limanından daha geniş istifadə etməyi planlaşdırır. Bundan əlavə, amerikalılar Puerto-Rikodakı hərbi dəniz bazasını yenidən açmaq niyyətindədirlər.
Noyabrın 16-da keçirilmiş ümumxalq referendumunda ekvadorluların 60,3 faizi ölkə ərazisində xarici hərbi bazaların yaradılmasına qoyulmuş qadağanın ləğvinin əleyhinə səs verib. Ekvador prezidenti Daniel Noboa konstitusiyaya dəyişiklik edilməsini və referendumun keçirilməsini dəstəkləyib. Ölkədə xarici bazaların yaradılmasını qadağan edən maddə 2008-ci ildə qəbul edilmiş konstitusiyaya daxil edilib. Noboa bu düzəlişi sentyabr ayında təklif edib. O, videomüraciətini 1999–2009-cu illərdə ABŞ-ın nəzarətində olmuş Manta hərbi bazasında lentə alıb. Noyabrın əvvəlində ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Ekvadora səfər edərək, Noboa ilə birlikdə Manabi və Santa Yelena əyalətlərindəki iki hərbi bazanı gəzib.
Venesuela prezidenti Nikolas Maduro dəfələrlə bildirib ki, ölkə son 100 ilin ən ciddi ABŞ işğalı təhlükəsi ilə üz-üzədir. Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib. Sentyabr ayından etibarən Venesueladan narkotik qaçaqmalçılığı ilə bağlı iddialar əsasında beynəlxalq sularda ən azı 20 sürətli qayığın və 76 nəfərin zərərsizləşdirildiyi açıqlanıb. Noyabrın 16-da Pentaqon USS “Gerald R. Ford” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ gəmilərinin zərbə qrupunun Karib dənizinə daxil olduğunu bildirib.