Tramp: Rusiya ilə müqavilə bağlayan istənilən ölkə çox ciddi sanksiyalara məruz qalacaq

ABŞ prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlıq edən bütün ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib.
Operativ Media bu barədə "Business Standard"a istinadən xəbər verir.
Hazırda sənəd Konqresdə müzakirə olunur.
“Bildiyiniz kimi, mən bunu ona görə təklif etmişəm ki, Rusiya ilə iş görən istənilən ölkə çox güclü sanksiyalara məruz qalsın”, – Tramp jurnalistlərə deyib.
ABŞ prezidenti əlavə edib ki, İranın iqtisadi tərəfdaşları da oxşar sanksiyalarla üzləşə bilərlər. O, qeyd edib ki, Konqres qanun layihəsinə baxarkən Tehranla əməkdaşlığa qadağanın əlavə olunması mümkündür.
Respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumentalın müəllifi olduğu ikitərəfli qanun layihəsi 2025-ci ilin yazında təqdim edilib. Sənəd Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxal edilən mallara 500 faiz rüsum tətbiq edilməsini nəzərdə tutur. Bundan əlavə, o, Rusiyadan uran alan istənilən ölkəyə qarşı sanksiyaların tətbiqini də ehtiva edir. Qanun layihəsi 100 senatordan 80-dən çoxu tərəfindən dəstəklənib.