Xaricdə yaşayan Gürcüstan vətəndaşlarının ölkədən kənarda səs verməsi qadağan ediləcək

Gürcüstan parlamenti xaricdə yaşayan vətəndaşların xaricdə seçkilərdə səs verməsini qadağan edən yeni Seçki Məcəlləsi üzərində işləməyə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
Papuaşvilinin sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları yalnız vətənlərinə qayıdaraq yaşadıqları yerdə səs verməklə seçkilərdə iştirak edə biləcəklər.
“2024-cü il parlament seçkiləri xaricdən seçicilərə qarşı informasiya və siyasi təzyiqin nə qədər açıq və sərt ola biləcəyini əyani şəkildə nümayiş etdirdi. Bu baxımdan, qeyri-rezident vətəndaşlar, yəni xaricdə yaşayan və dövlətin müdaxiləsinin qarşısını ala bilmədiyi yad mühitdə və yurisdiksiyada siyasi təsir altında olan Gürcüstan vətəndaşları üçün təzyiq riskləri artır”, – Papuaşvili izah edib.
Gürcüstan parlamenti sədrinin sözlərinə görə, oxşar qaydalar Ermənistan, İrlandiya, İsrail və Maltada da tətbiq olunur.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2024-cü ildə keçiriləcək parlament seçkiləri üçün xaricdə 96 minə yaxın Gürcüstan vətəndaşı qeydiyyatdan keçib.