BMT: 1991-ci ildən bəri təbii fəlakətlər kənd təsərrüfatına 3,26 trilyon dollar ziyan vurub

Təbii fəlakətlərin dünya kənd təsərrüfatına vurduğu zərər 1991–2023-cü illər ərzində 3,26 trilyon dollar məbləğində qiymətləndirilir ki, bu da illik orta hesabla 99 milyard dollara bərabərdir.
Operativ Media xəbər verir ki, bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı hesabatında qeyd edilib.
FAO bildirib ki, bu sənəd “təbii fəlakətlərin — quraqlıqlardan və daşqınlardan tutmuş zərərvericilərin yayılması və dəniz istilik dalğalarına qədər — qida istehsalını necə pozduğuna dair indiyədək aparılmış ən geniş qlobal qiymətləndirmədir”.
Hesabatda qeyd olunur: “33 il ərzində fəlakətlərin dünya kənd təsərrüfatına vurduğu zərər 3,26 trilyon dollar təşkil edib və bu, orta hesabla ildə 99 milyard dollara bərabərdir. Bu məbləğ dünya kənd təsərrüfatı ÜDM-nin təxminən 4 faizini təşkil edir”.
1991–2023-cü illərdə təbii fəlakətlər nəticəsində 4,6 milyard ton dənli bitkilərin, 2,8 milyard ton meyvə və tərəvəzin, eləcə də 900 milyon ton ət və süd məhsullarının itkisinə səbəb olub. FAO vurğulayıb ki, bu itkilər bir nəfərə düşən gündəlik enerji istehlakının 320 kilokalori azalmasına gətirib çıxarıb ki, bu da orta enerji tələbatının 13–16 faizinə uyğundur.
Asiya dünya üzrə itkilərin ən böyük hissəsinə — 47 faizinə və ya 1,53 trilyon dollara sahibdir. Bu göstərici həm Asiyada kənd təsərrüfatı istehsalının geniş miqyasını, həm də daşqınların, qasırğaların və quraqlıqların yüksək təsirini əks etdirir. Amerika qitəsinə isə qlobal kənd təsərrüfatı itkilərinin 22 faizi və ya 1991-cı ildən bəri 713 milyard dollar düşür. Bu region quraqlıqlar, qasırğalar və ekstremal temperatur səbəbindən “iri miqyaslı kənd təsərrüfatı sistemlərinə ciddi təsir göstərən” fəlakətlərdən əziyyət çəkir. Öz növbəsində, Afrika kənd təsərrüfatı 1991-cı ildən bəri 611 milyard dollar itki ilə üzləşib ki, bu da kənd təsərrüfatı ÜDM-nin 7,4 faizini təşkil edir. Müqayisəli baxımdan bu, “hər hansı digər regiona nisbətən ən ağır yükdür”.
FAO-nun məlumatına görə, “dəniz istilik dalğaları 1985–2022-ci illər ərzində dünya balıqçılığının 15 faizinə təsir göstərərək 6,6 milyard dollar itkiyə səbəb olub”.
Mütəxəssislər kənd təsərrüfatında təbii fəlakət risklərinin azaldılmasında “rəqəmsal transformasiyanın” mühüm rolunu vurğulayıblar. Süni intellekt (AI), məsafədən zondlama, mobil rabitə və pilotsuz uçuş aparatları kimi yeni alətlər real vaxt rejimində təhlükələr barədə məlumat təqdim edir və bu, “erkən xəbərdarlığın gücləndirilməsinə xidmət edir”. FAO hökumətləri, beynəlxalq tərəfdaşları və özəl sektoru “kənd təsərrüfatında fəlakət risklərinin azaldılması tədbirlərinin səmərəliliyini və effektivliyini artırmaq üçün rəqəmsal innovasiyaları təşviq etməyə” çağırıb.