Çin XİN: Yaponiya BMT Təhlükəsizlik Şurasının üzvü ola bilməz

Yaponiya İkinci Dünya Müharibəsi zamanı törətdiyi cinayətləri adekvat şəkildə etiraf etməyib və buna görə də BMT Təhlükəsizlik Şurasına üzv olmaq hüququna malik deyil.
Operativ Media xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq mətbuat brifinqində deyib.
“Hələ bu gün Yaponiya İkinci Dünya Müharibəsi zamanı törətdiyi hərbi cinayətləri adekvat şəkildə etiraf etməyib. Belə bir ölkə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıya bilməz və BMT Təhlükəsizlik Şurasının üzvü olmaq hüququna malik deyil”, - o, qeyd edib.
Nazirlik sözçüsü əlavə edib ki, Yaponiyanın baş naziri Sakae Takaichi Tayvanla bağlı açıqlamaları ilə Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edib və müharibədən sonrakı beynəlxalq nizama meydan oxuyub. Mao Ninq vurğulayıb ki, "Yaponiya təcavüzkar müharibə başlatmış və Asiya ilə dünya xalqlarına böyük əzablar gətirmişdir”.
Bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bəyan etmişdi ki, Yaponiyanın baş nazirinin açıqlamalarından sonra Tokio BMT Təhlükəsizlik Şurasında daimi üzvlük axtarmaq hüququna malik deyil.
Yaponiya ilə Çin arasında gərginlik Takaichinin parlamentdəki müzakirələr zamanı Tayvan yaxınlığında mümkün hərbi böhranın Yaponiyanı “kollektiv özünümüdafiə hüququndan” istifadə etməyə məcbur edə biləcək “ekzistensial təhlükə” yaradacağını bildirməsindən sonra daha da artıb. Bu bəyanat Pekində kəskin narazılıq doğurub və Tokioya ciddi xəbərdarlıq kimi qiymətləndirilib. Çinin Osakadakı baş konsulu Süe Cian sosial şəbəkə platforması X-də Yaponiyanın baş nazirini “başını kəsməklə” hədələyib, lakin paylaşım sonradan silinib. Ardınca Çin Xarici İşlər Nazirliyi vətəndaşlarına Yaponiyaya səfər etməmək barədə xəbərdarlıq yayıb.