Politico: Avropa Komissiyası Britaniya ilə müdafiə sazişi imzalamayacaq

Avropa Komissiyası (AK) Böyük Britaniyanın Aİ-nin müdafiə fondunda iştirakına imkan verəcək razılaşmanın əldə olunacağını gözləmir.
Operativ Media xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Britaniya ilə razılığa gəlmək üçün son müddət kimi noyabrın 19-u axşamını müəyyən edib, lakin danışıqlar dalana dirənib. Danışıqlarda iştirak edən adı açıqlanmayan diplomat vəziyyəti “gərgin” kimi xarakterizə edib.
Digər avropalı diplomatların bildirdiyinə görə, Brüssel 4,5 milyard avro ilə 6,5 milyard avro arasında töhfə tələb edirdi, Böyük Britaniya isə 200–300 milyon avro təklif edib. Bir neçə məmur isə Böyük Britaniyanın ilkin təklifinin bundan da az olduğunu bildirib. Həmçinin eyni məsələ ilə bağlı Kanada ilə danışıqların “daha sakit” şəraitdə davam etdiyi qeyd olunub.
Əvvəllər xəbər verildiyi kimi, Aİ Böyük Britaniyanın silah tədarükü üçün nəzərdə tutulan 150 milyard avroluq “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) fonduna daxil olmasını töhfənin ödənilməsi ilə şərtləndirib. London isə bu məbləğin əsassız şəkildə yüksək olduğunu və Britaniyanın fonda daxil olmaq üçün ödəyə biləcəyi məbləğdən xeyli artıq olduğunu bəyan edib. Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Böyük Britaniya Aİ-nin müdafiə fondunun bir hissəsi olmaq istəyir, lakin “heç bir bahasına deyil”.