Menyu

Ağ Ev: ABŞ-nin Ukrayna ilə bağlı planı real vəziyyət nəzərə alınmaqla hazırlanıb

Əziz Əzizli
Ağ Ev: ABŞ-nin Ukrayna ilə bağlı planı real vəziyyət nəzərə alınmaqla hazırlanıb

Vaşinqton administrasiyası hesab edir ki, Amerikanın Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni planı vəziyyətin real mənzərəsini əks etdirir.

Operativ Media xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

"Reuters" və PBS-in sitat gətirdiyi açıqlamasında o deyib: “Bu plan beş illik dağıdıcı döyüşlərdən sonra reallıqları nəzərə alaraq, hər iki tərəfin verdiklərindən daha çox qazandıqları ən optimal, yavaş-yavaş həllini tapmağa yönəlib.”

Levitt daha əvvəl keçirdiyi müntəzəm mətbuat brifinqində ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Vaşinqtonun təklif etdiyi nizamlanma planı ilə bağlı həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmasda olduqlarını açıqlayıb. Ağ Evin mətbuat katibi ABŞ prezidenti Donald Trampın “bu planı dəstəklədiyini” vurğulayıb. O, jurnalistlərdən birinin sənədin yalnız Kiyevdən güzəştlər tələb etməsi barədə iradını rədd edərək müzakirələrin “bərabər əsasda” aparıldığını qeyd edib və bildirib ki, Rubio və Uitkoff “planı müzakirə etmək üçün keçən həftə Ukrayna nümayəndələri ilə görüşüblər”.

Məzmunu Qərb mediasına sızdırılan Amerika planına əsasən, ABŞ və digər ölkələrdən Rusiyanın Krım, Donbas və Ukraynanın verməyə məcbur qalacağı digər ərazilər üzərində suverenliyini tanıması tələb olunacaq. Bunun müqabilində Kiyev ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə demilitarizasiya zonası yaradılmalı, ölkə ordusu əhəmiyyətli dərəcədə ixtisar edilməli və uzaqmənzilli silahlardan məhrum olunmalıdır. Plan həmçinin ölkə ərazisinə xarici qoşunların yerləşdirilməsinin qadağan edilməsini və rus dilinin rəsmi statusunun möhkəmləndirilməsini nəzərdə tutur. "Bloomberg"in məlumatına görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların da ləğvi planlaşdırılır.

Noyabrın 19-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada əldə etdikləri razılaşmalardan kənar Ukrayna nizamlanması ilə bağlı hər hansı yenilik yoxdur.

Bundan əvvəl məlumat verilmişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin təqdim etdiyi Ukrayna böhranının həlli planı ilə bağlı sərt açıqlamalardan çəkinmək qərarına gəlib və yaxın vaxtlarda Donald Trampa zəng etməyə ümid edir.

Əlaqəli Xəbərlər