Britaniya Ukraynaya mümkün qoşun yeridilməsi planı hazırlayıb

Böyük Britaniyanın müdafiə naziri Con Healey iddia edir ki, London atəşkəs əldə olunduğu təqdirdə “istəklilər koalisiyasının” bir hissəsi kimi öz hərbi hissələrini Ukraynaya göndərmək planını artıq hazırlayıb.
Operativ Media xəbər verir ki, nazir bunu "Bloomberg"in sualına cavab olaraq deyib.
“Biz Ukraynada kəşfiyyat aparmışıq, buna görə də hansı bölmələrdən istifadə edə biləcəyimizi, onları necə yerləşdirə biləcəyimizi və onların hansı rolu yerinə yetirə biləcəyini bilirik”, – deyə Healey bildirib.
Nazirin sözlərinə görə, London öz qoşunlarının göndərilməsi və yerləşdirilməsi üçün 130 milyon dollardan çox vəsait ayırmağa hazırdır.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqtonun təklif etdiyi böhranın həlli planı ilə bağlı həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayıblar. Məzmunu Qərb mediasına sızdırılan Amerika planına əsasən, ABŞ və digər ölkələr Rusiyanın Krım, Donbas və Ukraynanın vermək məcburiyyətində qalacağı digər ərazilər üzərində suverenliyini tanıyacaq. Bunun müqabilində Kiyev ABŞ və Avropa təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarılacağı ərazilərdə demilitarizasiya zonası yaradılacaq, Ukrayna ordusu əhəmiyyətli dərəcədə azaldılacaq və uzaqmənzilli silahlardan məhrum ediləcək. Plan həmçinin ölkəyə xarici qoşunların yerləşdirilməsinin qadağan edilməsini və rus dilinin rəsmi statusunun möhkəmləndirilməsini nəzərdə tutur. "Bloomberg"in məlumatına görə, Rusiyaya qarşı sanksiyalar da aradan qaldırı
lacaq.