Çin “Şiyan-21” eksperimental rabitə peykini uğurla orbitə buraxıb

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) “Şiyan-21” eksperimental rabitə peykini uğurla orbitə çıxarıb.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı CASC WeChat səhifəsində yayıb.
Bildirilir ki, buraxılış cümə günü Pekin vaxtı ilə saat 18:55-də (Moskva vaxtı ilə 13:55) cənub-qərb Sıçuan əyalətində yerləşən Xıçan Kosmik Mərkəzindən CZ-3B (Long March 3B) raketdaşıyıcısı vasitəsilə həyata keçirilib. Bu, “Long March” seriyalı daşıyıcı raketlərin 609-cu uçuşudur.
Məlumata görə, buraxılışda istifadə edilən CZ-3B (CZ-3B/E modeli) diametri 4,2 metr olan, üçpilləli, maye yanacaqla işləyən raketdir. Raketin uzunluğu 56,3 metr təşkil edir və o, aşağı Yer orbitinə 12 tona qədər faydalı yük çıxarmaq qabiliyyətinə malikdir. Daşıyıcı raket əsasən 5,5 tonadək yükü geostasionar ötürmə orbitinə göndərmək üçün istifadə olunur.
Qeyd olunur ki, Çin meteorologiya, telekommunikasiya və naviqasiya peykləri, eləcə də Ayın kəşfiyyatına dair texnologiyalar daxil olmaqla milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Dövlət dəstəyi ilə çinli mütəxəssislər asteroidlərin və Marsın tədqiqinə yönəlmiş layihələri də həyata keçirirlər. Beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulan Çin kosmik stansiyası isə hazırda orbitdə fəaliyyət göstərir. 2024-cü ilə qədər Çin ümumilikdə 68 buraxılış icra edib.