Menyu

BMT: Dekabrdan bəri Suriyada 2 milyona yaxın məcburi köçkün öz evlərinə qayıdıb

Əziz Əzizli
BMT: Dekabrdan bəri Suriyada 2 milyona yaxın məcburi köçkün öz evlərinə qayıdıb

2024-cü ilin dekabrında baş vermiş hökumət dəyişikliyindən sonra Suriyada təxminən 2 milyon məcburi köçkün öz doğma yerlərinə və ya əvvəlki yaşayış məkanlarına qayıdıb.

Operativ Media xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, xaricdən ölkəyə qayıdan suriyalı qaçqınların sayı təxminən 1,25 milyon nəfər təşkil edib.

BMT QAK-ın məlumatında qeyd olunur ki, 2024-cü il dekabrın 8-dən bu ilin noyabrın 20-dək başqa ölkələrdən Suriyaya 1 milyon 246 min 37 nəfər qayıdıb. Ümumilikdə isə 1 944 762 məcburi köçkün yenidən öz yaşayış yerlərinə dönüb.

Qurum məcburi köçkünlər arasında apardığı sosioloji sorğunun nəticələrini də dərc edib. Sorğuya əsasən, respondentlərin 27%-i doğulduqları və ya əvvəlki yaşadıqları ərazilərə qayıtmağı planlaşdırır. Onların 50%-i bunu 12 ay, 15%-i 6 ay, 11%-i isə 3 ay ərzində həyata keçirməyi düşünür. Qayıtmaq istəklərinə əsas motivasiyalar arasında “emosional bağlılıq və qayıtmaq arzusu” (66%), iş və yaşayış imkanlarının yaxşılaşması (43%), ailə ilə bağlı səbəblər (39%) və mənzil şəraitinin yaxşılaşdırılması (36%) yer alıb.

Eyni zamanda, məcburi köçkünlərin 57%-i hazırkı yerləşdikləri ərazilərdə qalmaq niyyətində olduqlarını bildirib. Geri qayıtmağa əsas maneələr kimi sığınacaq çatışmazlığı və əmlakla bağlı problemlər (74%), əsas xidmətlərin – xüsusilə elektrik enerjisi və suyun – olmaması (63%), iş yerlərinin məhdudluğu (63%) və maliyyə imkanlarının, o cümlədən nəqliyyat vasitələrinin yoxluğu (44%) göstərilib.

2024-cü ilin noyabr ayının sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar və prezident Bəşər Əsəd istefa verərək ölkədən qaçıb. Əhməd əl-Şaraa ölkənin faktiki liderinə çevrilib. O, 29 yanvar 2025-ci ildə özünü 4 ildən 5 ilədək müddəti əhatə edəcək keçid dövrü üçün prezident səlahiyyətlərini icra edən şəxs elan edib. Yeni hakimiyyət orqanları “vətəndaşların təhlükəsizliyini təmin etmək və terrora qarşı mübarizə aparmaq üçün bütün zəruri addımlar atacaqlarını” bəyan ediblər.

Əlaqəli Xəbərlər