HPV-yə qarşı mübarizə: Peyvənd niyə vacibdir?

“Müasir tibbin əsas məqsədi xəstəliklərin mümkün qədər erkən mərhələdə aşkarlanması, diaqnostikanın sürətləndirilməsi, təkmilləşdirilməsi və texnologiyalaşdırılmasıdır. Erkən mərhələdə aşkar olunan xəstəliklərdə ağırlaşmaların qarşısını almaq, onların xroniki və ya onkoloji formaya keçməsinə mane olmaq mümkündür. Yəni xəstəlik prosesi ilk mərhələdə müəyyən edilərsə, çox vaxt ağır müalicəyə ehtiyac qalmır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında ixtisaslı həkim, mama-ginekoloq Nailə Əzizova bildirib.
O qeyd edib ki, insan papilloma virusu (HPV) geniş yayılmış virus infeksiyasıdır və onun 100-dən artıq tipi mövcuddur:
“HPV həm dəri-dəri təması, həm də cinsi yolla keçə bilir. Araşdırmalar göstərir ki, virus birbaşa dəri təması ilə avtoinfeksiya yolu (məsələn, yoluxmuş nahiyəyə toxunduqdan sonra həmin əlin bədənin başqa hissəsinə toxunması) və doğuş zamanı anadan uşağa ötürülmə mexanizmi ilə yoluxa bilər. Doğuş zamanı yoluxma faktı yeni doğulmuş uşaqların ağız boşluğunda papillomatoz dəyişikliklərin aşkar olunması ilə sübut edilib.”
Həkim vurğulayıb ki, HPV-nin 6 və 11-ci tipləri əsasən genital ziyillərə (kondilomlara) səbəb olur.
16, 18, 31, 33 kimi yüksək riskli tiplər isə uşaqlıq boynunda xərçəngönü və xərçəng prosesləri yaratmaq gücünə malikdir.
Virusun təhlükəsi ondadır ki, çox vaxt simptomsuz keçir və xəstə heç bir şikayət hiss etmədiyi üçün həkimə müraciət etmir. HPV-nin inkubasiya dövrü 2 həftədən 2 ilə qədər davam edə bilər. Bəzi hallarda immun sistem virusu özü sıradan çıxara bilir, lakin yüksək riskli tiplər xərçəngönü dəyişikliklərə səbəb ola bilər.
Bu səbəbdən, qadınların ginekoloji müayinə zamanı uşaqlıq boynunda eroziya və ya digər patoloji dəyişikliklər aşkarlanarsa, Pap-smear (Pap-test) və HPV genotipləmə mütləq aparılmalıdır. Pap-testdə iltihabi dəyişiklik aşkar edilərsə, əvvəlcə müalicə aparılır və test 1 ildən sonra təkrarlanır. Test nəticəsində atipik hüceyrələr (ASCUS, LSIL və ya HSIL) aşkarlanarsa, müayinə daha da genişləndirilir.
Belə hallarda xəstəyə HPV genotipləmə, kolposkopiya və zərurət yarandıqda biopsiya tövsiyə edilir. Yüksək riskli HPV (xüsusilə 16, 18 və s.) aşkarlandıqda kolposkopiya vacib sayılır. Patoloji ocaqlar müəyyən olunarsa, biopsiya götürülərək histoloji analiz aparılır. Histologiyada CIN 2–3 aşkarlanarsa, uşaqlıq boynunun konizasiyası məsləhət görülür.
Həkim bildirib ki, təəssüf ki, bəzi hallarda mütəxəssislər yüksək riskli HPV və HSIL nəticələrinə görə xəstələri əsassız olaraq total histerektomiyaya yönləndirirlər. Bu, düzgün yanaşma deyil. Belə xəstələr dinamik nəzarətdə saxlanmalı və yalnız tibbi göstəriş olduqda cərrahi müdaxilə aparılmalıdır.
HPV aşkarlandıqda peyvənd profilaktikası xüsusilə önəm kəsb edir. Hazırda ən aktual peyvənd Gardasil 9 hesab olunur, çünki o, daha geniş HPV tip spektrini əhatə edir.
Peyvəndin tətbiq sxemi:
1-ci doz
2-ci doz – 2 ay sonra
3-cü doz – 6 ay sonra
Peyvənd xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır və xərçəngönü dəyişikliklərin dərinləşməsinin qarşısını alır. Bir çox Avropa ölkələrində 18 yaşdan yuxarı bütün qızlar dövlət proqramı çərçivəsində peyvəndlənir, çünki cinsi aktivlik erkən yaşlarda başlayır və yoluxma riski yüksək olur.
Qeyd edək ki, Pap-test və HPV genotipləmə icbari tibbi sığorta paketinə daxildir və bu müayinələr pulsuz aparıla bilər. Zərurət yarandıqda kolposkopiya və digər müdaxilələr də həyata keçirilir.
Bununla yanaşı, özəl klinikalarda HPV peyvəndinin qiymətləri aşağıdakı kimidir:
4-tipli HPV peyvəndi (quadrivalent) — təxminən 270 AZN
9-tipli (Gardasil 9) — 400–500 AZN aralığında
Azərbaycanda HPV peyvəndi sığorta tərəfindən ödənilə bilərmi?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Operativ Media-ya bildirildi ki, HPV peyvəndi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmır. Hazırda əlavə edilməsi nəzərdə tutulmayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov isə bildirdi ki, HPV-yə qarşı vaksinasiya bu xəstəliklərin qarşısının alınmasında ən təsirli vasitələrdən biridir:
“İnsan papilloma virusu dünyada ən geniş yayılmış infeksiyalardan biridir və xüsusilə qadınlarda uşaqlıq boynu xərçəngi olmaqla yanaşı, həm kişi, həm də qadınlarda bir sıra onkoloji xəstəliklərə səbəb ola bilər. Elm sübut edir ki, HPV-yə qarşı vaksinasiya bu xəstəliklərin qarşısının alınmasında ən təsirli vasitələrdən biridir. Bir çox ölkələrin səhiyyə təcrübəsi də göstərir ki, peyvəndin geniş tətbiqi uzunmüddətli perspektivdə həm insan həyatını, həm də dövlətin səhiyyə xərclərini qoruyan ən səmərəli addımlardan hesab olunur.
Son illər HPV peyvəndi ilə bağlı məlumatlılıq dünya üzrə artdığı kimi, ölkəmizdə də bu mövzu daha çox diqqət çəkməyə başlayıb. HPV infeksiyasının səbəb olduğu xərçəng növləri Azərbaycanda qadın sağlamlığı üçün ciddi risk faktoru olaraq qalır və müasir immunoprofilaktika metodlarının tətbiqi bu riskin əhəmiyyətli dərəcədə azaldılmasına real imkan yaradır. Region ölkələrinin təcrübəsi göstərir ki, peyvənd uşaqlıq boynu xərçəngi hallarını azaltmağa qadirdir. Bu baxımdan Azərbaycanda HPV peyvəndinin gələcəkdə dövlət hesabına vaksinasiya təqviminə daxil edilməsi ilə əlaqədar müzakirələrin aparılması çox sevindirici və strateji cəhətdən doğru bir addımdır”.