BMT yeni Baş katibin seçilməsi prosesinə başlayıb

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası birgə məktubla dünya təşkilatının yeni baş katibinin seçki prosesinə start verib.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı Təhlükəsizlik Şurasına sədrlik edən Syerra Leonenin BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.
Birgə məktubda “təəssüflə qeyd olunur ki, dünya qurumunun bütün tarixində heç bir qadın onun rəhbəri təyin olunmayıb və buna görə də “üzv ölkələr qadınların namizəd kimi irəli sürülməsi məsələsini ciddi şəkildə nəzərdən keçirməyə təşviq olunurlar”.
BMT-nin baş katibi vəzifəsinə namizəd təşkilata üzv dövlətlər tərəfindən irəli sürülür və hər bir ölkənin yalnız bir namizəd irəli sürmək hüququ vardır. Namizəd irəli sürmək üçün ölkələr Təhlükəsizlik Şurası və Baş Assambleyanın prezidentlərinə məktub təqdim etməlidirlər. Namizədlər də öz növbəsində təşkilatın inkişafı ilə bağlı öz baxışlarını, eləcə də gəlir mənbələrini təqdim etməlidirlər.
Baş katib seçkisi gələn il iyulun sonuna təyin edilib. Hazırda qlobal təşkilatın rəhbəri vəzifəsinə iki nəfər namizəd olmaqda maraqlı olduqlarını bildiriblər: Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspandır.
BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Baş katib BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Onun səlahiyyət müddəti beş ildir, yenilənə bilər. Müddət məhdudiyyəti yoxdur, lakin 10 ildən artıqdır ki, heç kim bu vəzifəni tutmayıb. Müəyyən edilmiş təcrübəyə uyğun olaraq, BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa arasından seçilmir.