Stomotoloqların fəaliyyəti necə tənzimlənir?

Bəzən fərdi qaydada fəaliyyət göstərən stomatoloqlara rast gəlinir ki, onlar pasiyentləri ya birbaşa öz ev şəraitində qəbul edir, ya da mənzillərinin bir hissəsini qeyri-rəsmi stomatoloji kabinet kimi istifadə edirlər. Belə hallarda çox vaxt sanitar-gigiyenik tələblərə, tibbi təhlükəsizlik normalarına və hüquqi tənzimləmələrə əməl olunmur. Bu isə həm pasiyentlərin sağlamlığı, həm də ümumi ictimai təhlükəsizlik üçün ciddi risklər yaradır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mərkəz tərəfindən stomatoloqların fəaliyyəti ilə bağlı vətəndaş şikayətləri əsasında və ya belə hallar mediada geniş işıqlandırıldıqda aidiyyəti sahibkarlıq subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada daimi olaraq plandankənar yoxlamalar keçirilir:
“Bu yoxlamalar zamanı aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət faktları və digər qanun pozuntuları aşkar edildikdə cavabdeh şəxslər inzibati qaydada tənbeh olunur.
Təkcə 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 78 stomatoloji klinikada yoxlama keçirilib. Onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.
Ən çox rast gəlinən nöqsanlar:
1.Lisenziya şərtlərinin pozulması üzrə müəyyən aşkar edilən nöqsanlar – 33 hal;
2.Lisenziya olmadan iş və fəaliyyət – 15 hal;
3.Lisenziyadan kənar iş və fəaliyyət – 8 hal;
4. Sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı – 9 hal;
5.Lisenziya olmadan iş və fəaliyyət, Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı – 2 hal;
6.Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı – 5 hal.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək xatırladır ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında rast gəlinən qanunsuz fəaliyyət, şikayət və ya pozuntular barədə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
“Bir pəncərə” sektoru
Qaynar xətt: (012) 596 05 20
E-poçt: [email protected]
Rəsmi sayt: www.pharma.az – “Müraciət” bölməsi
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət yarandıqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar aparılır”.
Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, özəl tibb sektorunda fəaliyyət göstərən həkimlər üçün müəyyən edilmiş qaydalar və standartlar mövcuddur:
“Bu tələblərin ən vacibi odur ki, hər bir həkimin peşəsinə uyğun sertifikatı olmalıdır. Yəni həkimin müvafiq ixtisas üzrə keçdiyi kurslar və imtahanlar əsasında verilən sertifikat (şəhadətnamə) tələb olunur. Bundan başqa, həkimin tibb fəaliyyəti ilə məşğul olması üçün lisenziyası da olmalıdır.
Sertifikat Səhiyyə Nazirliyi tərəfindən, müəyyən edilmiş tədris proqramlarını bitirdikdən və imtahanı uğurla keçdikdən sonra verilir. Lisenziya isə iqtisadi fəaliyyətə icazə sənədidir və tibb xidmətlərinin standartlara uyğun göstərilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunur.
Bu sənədlər olmadan göstərilən bütün tibb xidmətləri qanunsuz fəaliyyət hesab olunur və qanunla qadağandır. Bundan başqa, qeyri-dövlət tibb müəssisələrində çalışan həkimlərin fəaliyyəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən mütəmadi nəzarətdə saxlanılır. Gigiyena tələblərinə əməl olunması, xidmətin keyfiyyəti və standartlara uyğunluq daim yoxlanılır.
Əgər bu tələblərə əməl olunmursa, qanunvericiliyə əsasən həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Belə şəxslərə cərimə, fəaliyyətə məhdudiyyət və ya digər ciddi cəzalar tətbiq oluna bilər”.