Menyu

ABŞ Əfqanıstan vətəndaşlarına viza verilməsini dayandırıb

Operativ Media
ABŞ Əfqanıstan vətəndaşlarına viza verilməsini dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası bütün dünya üzrə diplomatlara Əfqanıstan vətəndaşlarına viza verilməsini dayandırmağı tapşırıb.

Operativ Media xəbər verir ki, beləliklə, ölkənin 20 illik işğalı dövründə ABŞ-yə yardım etmiş əfqanlar üçün nəzərdə tutulan xüsusi immiqrasiya proqramı faktiki olaraq dayandırılıb.

Noyabrın 28-i bütün diplomatik nümayəndəliklərə göndərilən teleqramda qeyd olunur ki, dərhal qüvvəyə minən qərara əsasən konsulluq əməkdaşları xüsusi immiqrant vizaları üçün müraciətlər də daxil olmaqla, immiqrant və ya qeyri-immiqrant vizalarına dair bütün müraciətləri rədd etməlidirlər.

Niyabrın 30-u Dövlət Departamenti Dövlət katibi Marko Rubionun Əfqanıstan pasportu ilə səyahət edən “bütün şəxslərə” viza verilməsinin dayandırılacağı barədə bəyanatına istinad edib.

Teleqramda bildirilir ki, bu qərar “müraciət edən şəxsin kimliyinin və ABŞ qanunlarına uyğun olaraq viza almaq hüququnun təsdiqlənməsi” məqsədini daşıyır.

ABŞ-nin əfqan müttəfiqlərini dəstəkləyən könüllülər qrupu bildirib ki, göndərilən teleqram Tramp administrasiyasının əfqanların Birləşmiş Ştatlara daxil olmasının qarşısını almağa yönəlmiş siyasətinin tərkib hissəsidir.

Artıq təyin edilmiş görüşlər ləğv edilməyəcək, lakin konsulluq əməkdaşları həmin görüşlər zamanı müraciət edən şəxsləri rədd etməlidirlər. Dövlət Departamenti həmçinin bildirib ki, təsdiq edilmiş, lakin hələ çap olunmamış vizalar ləğv ediləcək, artıq çap olunan vizalar isə məhv ediləcək.

Bu həftənin əvvəlində ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri Əfqanıstan vətəndaşlarının immiqrasiya müraciətlərinə baxılmasını qeyri-müəyyən müddətə dayandırıb. 2021-ci ilə qədər təxminən 200 min əfqan qaçqın və xüsusi viza proqramı çərçivəsində ABŞ-yə daxil olub.

Hazırda daha 265 min əfqan vətəndaşının müraciətlərinə baxılır və onların 180 mini ABŞ hökumətində işləyən şəxslər üçün nəzərdə tutulmuş xüsusi immiqrant vizası ilə bağlıdır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstandakı keçmiş əməkdaşı isə çərşənbə günü Vaşinqtonda ABŞ Milli Qvardiyasının iki əsgərinə atəş açıb, onlardan biri həyatını itirib.

Əlaqəli Xəbərlər