Hakan Fidan yüksək səviyyəli danışıqlar üçün Tehrana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan yüksək səviyyəli İran rəsmiləri ilə görüşmək üçün bazar günü Tehrana səfər etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağai bildirib ki, Fidan xarici işlər naziri Abbas Əraqçi və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. Onun sözlərinə görə, müzakirələr ikitərəfli münasibətləri, regional hadisələri və beynəlxalq məsələləri əhatə edəcək. Türkiyəli diplomatik mənbələr danışıqların Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının gücləndirilməsinə və onun doqquzuncu sessiyasına hazırlıq işlərinin nəzərdən keçirilməsinə həsr olunacağını qeyd ediblər.
Tərəflər təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çalışırlar. Rəsmilərin, həmçinin sərhəd ticarəti infrastrukturunun inkişafı və ikitərəfli ticarət dövriyyəsinin 6,5 milyard dollardan 30 milyard dollara yüksəldilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir. Fidan Qəzza, Suriya və İsrailin fəaliyyəti də daxil olmaqla, regional sabitlik barədə İran rəsmiləri ilə fikir mübadiləsi aparacaq. İranın nüvə proqramının sülh yolu ilə həlli də müzakirələrin mövzuları arasında olacaq.
Rusiya–Ukrayna müharibəsi, Cənubi Qafqazda baş verənlər və Pakistan–Əfqanıstan münasibətlərində gərginliyin azaldılması istiqamətində görülən işlər gündəmdə olan digər məsələlər olacaq.