Menyu

Qara dənizdə mülki gəmilər üçün təhlükəsizlik dəhlizi yaradıla bilər

Əziz Əzizli
Qara dənizdə mülki gəmilər üçün təhlükəsizlik dəhlizi yaradıla bilər

Türkiyə sahillərində tankerlərə edilən hücumlardan sonra mülki gəmilərin hərbi gəmilər tərəfindən müşayiət olunması üçün Qara dənizdə təhlükəsizlik dəhlizi yaradıla bilər.

Operativ Media xəbər verir ki, bunu "CNN Türk"ə açıqlamasında türkiyəli təhlükəsizlik eksperti Güngör Yavuzaslan deyib.

“Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yaradılmış taxıl dəhlizinə bənzər bir dəhliz yaradıla bilər (2022-ci ildə İstanbulda imzalanıb və bir il müddətinə qüvvədə olub). Türkiyə Hərbi Dəniz Qüvvələri mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək vəzifəsini öz üzərinə götürə bilər" - deyə ekspert bildirib.

Hərbi ekspert Can Erenoğlu da oxşar fikri səsləndirib. O, NTV telekanalına açıqlamasında qeyd edib: “Dünyada açıq dənizlərdə mülki gəmilərin hərbi müşayiəti ilə bağlı nümunələr mövcuddur. Türkiyə sahillərində tankerlərə edilən son hücumlarla əlaqədar bu cür tədbirlər Qara dənizdə həyata keçirilə bilər".

Erenoğlu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin çərşənbə axşamı bildirdiyi tankerə qarşı son hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyini də istisna etməyib. Gəmiyə hücumun üsulu barədə məlumat isə hələlik açıqlanmayıb.

Daha əvvəl xəbər verilmişdi ki, günəbaxan yağı yükü ilə Rusiyadan Gürcüstana gedən “Midvolqa 2” tankeri Türkiyə sahillərindən 80 mil aralıda hücuma məruz qalıb. Nazirliyin məlumatında deyilir: “Hazırda gəminin 13 nəfərlik ekipajının səhhəti yaxşıdır və gəmi kömək tələb etmir. Mühərriklər işlək vəziyyətdə olduğundan gəmi Sinop istiqamətində hərəkətini davam etdirir.”

Bu, son beş gündə Türkiyənin Qara dənizdəki müstəsna iqtisadi zonasında tankerlərə qarşı üçüncü hücumdur. Bundan əvvəl bildirilib ki, Rusiyaya yüksüz gedən Qambiya bayraqlı “Kairos” və “Virat” gəmiləri noyabrın 28-də Türkiyə sahillərindən müvafiq olaraq 28 və 38 dəniz mili aralıda qəza siqnalları verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bəyan edib ki, respublikanın MEB-də tankerlərə edilən hücumlar Ukrayna münaqişəsinin təhlükəli şəkildə gərginləşməsindən xəbər verir və bu, qəbuledilməzdir.

Əlaqəli Xəbərlər