Politico: Avropa Komissiyası Rusiya aktivlərinin Ukraynaya ötürülməsi üçün hüquqi baza hazırlayır

Avropa Komissiyası (AK) dekabrın 3-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinə dair hüquqi əsaslandırma təqdim etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, AK hökumətlərə iqtisadi vəziyyətə uyğun tədbirlərlə bağlı üzv dövlətlər arasında həmrəylik ruhunda qərar qəbul etmək səlahiyyəti verən Aİ haqqında Müqavilənin 122-ci maddəsinə istinad etməyi nəzərdə tutur. Bildirilir ki, Avropa Komissiyası bu bəndi elə şərh etməyi planlaşdırır ki, maliyyə məsələlərinin əhəmiyyətinə görə sanksiyaların uzadılması üçün ölkələrin ixtisaslı əksəriyyəti kifayət etsin. Qəzet qeyd edir ki, belə bir addım Macarıstanı veto hüququndan məhrum edə bilər.
Dekabrın 1-də Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, AK dekabrın 18-19-da keçiriləcək Aİ sammitində Rusiya aktivlərinin ekspropriasiyası ilə bağlı qərar qəbul etmək niyyətindədir.
Rusiyanın Avropada dondurulmuş suveren aktivlərinin böyük hissəsi, təxminən 200 milyard avro Belçikadakı “Euroclear” platformasında bloklanıb. Oktyabrın 23-də Brüsseldə keçirilən Aİ sammitinin iştirakçıları həmin aktivlərdən necə istifadə olunması məsələsində razılıq əldə edə bilməyiblər. Belçikanın baş naziri Bart de Vever bütün Aİ üzvlərindən ölkəsinin maliyyə risklərini tam şəkildə bölüşməyi tələb edib.