Slovakiya və Çexiya Aİ karbon ticarəti sistemindən imtina edəcək

Slovakiya və Çexiya Avropa İttifaqının karbon ticarəti sistemi (ETS 2) və Aİ miqrasiya sazişini rədd etmək barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu qərar Çexiya Parlamentinin Deputatlar Palatasının (aşağı palata) sədri Tomio Okamura tərəfindən Slavkov formatlı parlamentlərin (Slovakiya, Çexiya və Avstriya) spikerlərinin Bratislavada keçirilən görüşündən sonra elan edilib.
“Biz Slovakiya tərəfi ilə ETS 2 emissiya ticarəti sistemindən imtina edilməsinin zəruri olduğu barədə eyni mövqeyi bölüşürük və gələcək fəaliyyətlərimiz birgə olacaq. Çexiya və Slovakiya həmçinin Aİ-nin miqrasiya sazişini rədd edirlər. Bu məsələləri Avstriya tərəfi ilə müzakirə etməyə davam edəcəyik”, – deyə ČTK agentliyinin məlumatında bildirilir.
Hesabatda qeyd olunur ki, Slavkov formatlı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın Aİ-yə üzvlük planları ilə bağlı müxtəlif mövqelərə malikdirlər. Okamura bu prosesə qarşı çıxır. Onun sözlərinə görə, Avstriya da oxşar mövqe nümayiş etdirir. Bununla belə, Slovakiya Aİ-nin Ukraynanı da əhatə edəcək şəkildə genişləndirilməsi planlarını dəstəkləyir.
Slavkov formatı Slovakiya, Çexiya və Avstriyanın qeyri-rəsmi regional birliyidir. Bu birlik 2015-ci ildə yaradılıb. Üç qonşu dövlət arasında əməkdaşlığın məqsədi sərhədyanı əlaqələri inkişaf etdirmək və sakinlər arasında birbaşa ünsiyyəti asanlaşdırmaqdır. Bu ölkələrin liderləri arasında mütəmadi görüşlər keçirilir və bu görüşlərdə, digər məsələlərlə yanaşı, xarici siyasətə dair aktual mövzular da müzakirə olunur.